İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı ABŞ ilə mümkün danışıqlar barədə yayılan məlumatlara münasibət bildirib.
O, İranın ABŞ ilə heç bir təmasda olmadığını və danışıqlarla bağlı xəbərlərin gerçəkliyi əks etdirmədiyini vurğulayıb.
Əraqçı qeyd edib ki, ABŞ rəsmiləri dəfələrlə danışıqlara dair mesajlar göndərsələr də, Tehran bu təklifləri rədd edib:“Amerikalılar bu mesajı neçə dəfə göndəriblər? Biz açıq şəkildə bəyan etmişik ki, aqressiya davam etdiyi müddətdə dialoqdan danışmağın mənası yoxdur. Biz hazırda özümüzü müdafiə edirik. Sionistlərin bu hücumunda iştirak edən amerikalılara deyəcək sözümüz yoxdur”, – deyə İran rəsmisi bildirib.
O, əlavə edib ki, bəzi ölkələr Tehranla əlaqə saxlayaraq vasitəçilik etmək istəsələr də, ABŞ ilə heç bir rəsmi və ya qeyri-rəsmi təmas baş tutmayıb.
“Onlarla heç bir kontaktımız olmayıb. Danışıqlar barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Biz heç vaxt bu cür danışıqların başlanmasını istəməmişik”, – deyə Əraqçı bildirib.
İran rəsmisi həmçinin vurğulayıb ki, yaxın günlərdə BMT Təhlükəsizlik Şurasının İrana qarşı həyata keçirilmiş hücumla bağlı ikinci iclası keçiriləcək. Rəsmi Tehran bu iclasda İsrailin “sionist rejimi” kimi tanıtdığı struktura qarşı daha sərt beynəlxalq mövqe gözləyir.
Ekspertlərə görə, İranın ABŞ ilə birbaşa danışıqlara “yox” deməklə daxili auditoriyaya sərtlik, müqavimət mesajı verilir. Bu, xüsusilə yaxın zamanda İsrailin hücumlarından sonra xalq arasında yüksəlmiş gərginliyi cilovlamaq məqsədi daşıyır.
Tehran danışıqlara vasitəçilik edən ölkələri seçərək qəbul edir, amma ABŞ ilə birbaşa təmasa keçməyə hələ hazır deyil, bu da danışıqların şərtlər altında mümkün ola biləcəyinə eyham vurur.
BMT Təhlükəsizlik Şurasının növbəti iclası öncəsi siyasi atmosfer formalaşdırılır – İran bu platformadan istifadə edərək beynəlxalq aləmdə İsrailə qarşı antipatiya toplamağa çalışır.
Əgər ABŞ-İran arasında real danışıqlar baş tutmasa, bölgədə gərginliyin davam edəcəyi və ya yeni hərbi-siyasi böhranların yaranacağı ehtimalı yüksəkdir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər