Menu

SBU Rusiya aerodromlarına ardıcıl zərbələr endirdi – Təyyarələr və helikopterlər məhv edildi

28.06.2025, 19:53
SBU Rusiya aerodromlarına ardıcıl zərbələr endirdi – Təyyarələr və helikopterlər məhv edildi

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) son iki gün ərzində Rusiyanın işğalçı hərbi infrastrukturuna qarşı bir-birinin ardınca iki uğurlu əməliyyat həyata keçirib. Bu barədə məlumatı SBU və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

SBU bildirir ki, iyunun 26-dan 27-nə keçən gecə Rusiyanın Volqoqrad vilayətində yerləşən “Marinovka” aerodromu uzaqmənzilli pilotsuz uçuş aparatları vasitəsilə hədəfə alınıb. Nəticədə 2 ədəd Su-34 qırıcı-bombardmançı təyyarəsi tamamilə məhv edilib, daha 2 təyyarə isə ciddi zədələr alıb.

Qurum qeyd edir ki, hücum zamanı aerodromun texniki-istismar hissəsində də yanğın baş verib. Zərbələrin ardınca bazada bir müddət güclü partlayış səsləri eşidilib. SBU-nun bəyanatında vurğulanır ki, bu əməliyyat Rusiya aviasiyasının Ukraynaya qarşı zərbə imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

SBU növbəti əməliyyatı isə iyunun 27-dən 28-nə keçən gecə həyata keçirib. Bu dəfə zərbə Krım yarımadasında – Rusiya tərəfindən hərbiləşdirilmiş “Kirovskoe” aerodromuna endirilib. Məlumatda qeyd olunur ki, dronlar aviasiya komponentlərinin yerləşdiyi sahələrə, hava hücumundan müdafiə sistemlərinə, sursat anbarlarına, eləcə də kəşfiyyat və zərbə PUA-larına dəqiq zərbələr endirib.

Əldə olunan ilkin məlumatlara görə, Mi-8, Mi-26, Mi-28 tipli bir neçə helikopter, eləcə də “Pantsir-S1” özüyeriyən zenit-raket-top kompleksi sıradan çıxarılıb. SBU bildirir ki, gecə boyunca aerodromda ardıcıl partlayışlar qeydə alınıb.

Ukrayna Təhlükəsizlik Xidməti bəyan edib ki, bu tip zərbələr Rusiya ordusunun Ukraynaya qarşı aviazərbələr endirmək potensialını mərhələli şəkildə zəiflətmək məqsədi daşıyır. Qurum vurğulayıb ki, qarşıdakı dövrdə bu istiqamətdə sistemli və davamlı əməliyyatlar planlaşdırılır.

Ekspertlərin fikrincə, bu əməliyyatlar həm də SBU ilə Ukrayna hərbi kəşfiyyatı (QUR) arasında fəaliyyət rəqabətini bir daha gündəmə gətirir. Müşahidəçilər ya SBU-nun bu mərhələdə önə keçdiyini, ya da QUR-un sadəcə əməliyyatlarını məxfi saxladığını hesab edirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol