Avropada miqrasiya mənzərəsi dəyişməkdədir. Son illərdə sığınacaq müraciətlərinə görə lider olan Almaniya 2025-ci ilin ilk yarısında bu mövqeyini itirib. Almaniyanın nüfuzlu “BILD” nəşrinin məlumatına əsasən, ölkə bu il Aİ-də yalnız üçüncü yerdə qərarlaşıb.

Almaniyada 2025-ci ilin ilk altı ayında cəmi 61 300 ilkin sığınacaq müraciəti qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 50% azalma deməkdir (2024-cü ildə – 121 426 müraciət). Xüsusilə iyun ayında müraciətlərin sayı 7 mini keçməyib ki, bu da 2013-cü ildən bəri ən aşağı göstəricidir.

Almaniya hökumətinin qəbul etdiyi yeni sərt tədbirlər müraciətlərin azalmasına birbaşa təsir edib. Bunlara aşağıdakılar daxildir:

Sərhədlərdə əlavə yoxlamalar;

Ailələrin birləşdirilməsi proqramının dayandırılması;

Sürətləndirilmiş vətəndaşlıq prosedurunun ləğvi;

“Təhlükəsiz ölkələr” siyahısının genişləndirilməsi.

Daxili işlər naziri Aleksandr Dobrindt yeni siyasəti belə şərh edib: “Bunlar miqrasiyanın tərsinə çevrilməsi istiqamətində açıq-aydın uğurlardır. Bu yolda ardıcıl şəkildə irəliləyirik”.

Avropa Komissiyasının hesabatına əsasən, 2025-ci ilin ilk yarısında ən çox sığınacaq müraciəti alan ölkələr aşağıdakılardır:

İspaniya – 76 020 müraciət

Fransa – 75 428

Almaniya – 61 300

Ən az müraciət edilən ölkələr isə Macarıstan (47), Slovakiya (84)Litva (152) olub.

Almaniyaya ən çox müraciət edən ölkələr:

Əfqanıstan – 22%

Suriya – 20%

Türkiyə – 11%

İraq və Rusiya da ilk beşlikdə yer alır (rusiyalıların payı 3,1%).

Almaniyanın sərt miqrasiya siyasəti bir tərəfdən ictimai sabitliyə xidmət etsə də, digər tərəfdən sığınacaq axtaranların marşrutlarını dəyişir. 

“AzPolitika.info”