Türkiyənin Kocaeli şəhərindən Boluya ekskursiyaya gedən 10 qız uşağı və onları müşayiət edən 3 nəfər geri dönüş zamanı təhlükəli vəziyyətlə üzləşib. Onların olduğu mikroavtobus Düzce vilayətinin Yığılca rayonunda meşəlik ərazidə palçığa bataraq hərəkətsiz qalıb.
“AzPolitika”nın Türkiyə mediasına istinadən məlumatına görə, hadisədən sonra mikroavtobusda olan şəxslərlə əlaqə yaratmaq mümkün olmayıb. Bundan sonra əraziyə xilasedicilər və aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Son GPS siqnallarından istifadə edilməklə aparılan axtarışlar nəticəsində nəqliyyat vasitəsinin yeri müəyyənləşdirilib. Məlum olub ki, palçığa batan mikroavtobus hərəkət qabiliyyətini itirdiyindən sərnişinlər saatlarla meşəlik ərazidə kömək gözləməli olublar.
Hadisə yerinə çatan xilasetmə qrupları mikroavtobusda olan 10 uşağı və onlarla birlikdə səfərdə iştirak edən 3 nəfəri təhlükəsiz şəkildə təxliyə ediblər. Xoşbəxtlikdən, onların heç birinin sağlamlığına zərər dəyməyib.
Hadisənin ən duyğulu anları isə uşaqların tapılması xəbərinin Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşa çatdırılması zamanı yaşanıb. Uşaqların sağ-salamat xilas edildiyini eşidən nazir sevinc göz yaşlarını saxlaya bilməyib. O, aldığı xoş xəbəri dərhal Prezident Rəcəb Tayyib Ərdoğanla da bölüşüb..







Şərhlər