Gürcüstanın Batumi şəhərində keçirilən "Beşiktaş" – "Hapoel Beer-Şeva" futbol matçı zamanı baş verən iğtişaşlar Türkiyədə ciddi narazılığa səbəb olub.
"AzPolitika" xəbər verir ki, "Türkiye" qəzetinin məlumatına görə, Gürcüstan polisinin türkiyəli azarkeşlərə qarşı davranışına etiraz olaraq Rize şəhərində fəaliyyət göstərən bir çox turizm şirkəti Gürcüstan turlarını ləğv edib, yerli iş adamları isə Batumidəki ticarət sərgisində iştirakdan imtina ediblər.
İş adamlarından Batumi sərgisinə boykot
Rize Ticarət və Sənaye Palatası (RTSO) 4–6 dekabr tarixlərində Batumidə təşkil olunması planlaşdırılan ticarət sərgisinə qatılmamaq barədə rəsmi qərar qəbul edib. Palata rəhbəri Ahmet Arif Mete məsələ ilə bağlı Batumidəki turizm şirkətləri ilə də danışıqlar apardıqlarını bildirib və Gürcüstana turların ləğvi prosesinin davam edəcəyini vurğulayıb.
Yeni il öncəsi bütün turlar dayandırıldı
Turizm mütəxəssisi Mahmut Arslan baş verən hadisələrdən dərin təəssüf hissi keçirdiyini dilə gətirib:"Dünən axşam qonaqlarımız turla Batumidə idilər. Təbii ki, "Beşiktaş"ımızı və Türkiyəmizi dəstəkləmək üçün orada idik. Lakin türklərə qarşı gördüyümüz münasibət və polis müdaxiləsi bizi həqiqətən çox kədərləndirdi. Çünki bunu bizə edən sərhədimizin o tayındakı qapı qonşumuzdur, hər kəsin qohumluq əlaqələrinin olduğu bir yerdir."
M. Arslan bu səbəbdən rəhbərlik etdiyi "Vaveyla Turizm" şirkətinin bütün Gürcüstan istiqamətli turlarını ləğv etdiyini açıqlayıb: "Yeni il öncəsi turların tam dolu olduğu bir vaxtda bütün Gürcüstan proqramlarımızı dayandırmağa qərar verdik."


Şərhlər