İyulun 7-də İsrail ordusu Yəmənin husilərin nəzarətində olan ərazilərinə genişmiqyaslı hava hücumları həyata keçirib. Bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, ümumilikdə 60-a yaxın sursat atılıb. Zərbələr əsasən Qırmızı dəniz bölgəsində yerləşən mühüm infrastrukturları hədəfə alıb. Bura Əl-Hudeydə limanı, Rəs-İssa neft terminalı, Səlif limanı, Rəs-əl-Xatib elektrik stansiyası və eləcə də daha əvvəl “Ənsarullah” hərəkatı tərəfindən ələ keçirilmiş Galaxy Leader quru yük gəmisi daxildir.
Zərbələrdən sonra husilərin nəzarətində olan ərazilərdə əhalinin təxliyəsinə başlanılıb.
“Ənsarullah” hərəkatının nümayəndəsi bildirib ki, Yəmən Hərbi Hava Qüvvələri “sionist təcavüzünə qarşı müqavimət göstərir” və hücumlara cavab veriləcək.
Rəsmi Təl-Əviv bu əməliyyata “Qara bayraq” adını verib. İsrail rəsmiləri bəyan ediblər ki, husilər beynəlxalq gəmiçiliyə qarşı təhdidlərinə görə “bunun bədəlini ağır şəkildə ödəyəcəklər”.
Eyni zamanda Livan səmasında da İsrail qırıcılarının müşahidə olunduğu qeyd edilir. Bu, mümkün qarşıdurmanın coğrafiyasının genişlənəcəyindən xəbər verir.
Bu eskalasiya regionda davam edən gərgin fonun bir parçasıdır:
"AzPolitika.info"

Şərhlər