ABŞ-ın Ukraynaya dəstəyi və Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi Vaşinqtonun xarici siyasətində prioritet olaraq qalır. Bu çərçivədə ABŞ Prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kellog Kiyevə səfər edib.
“AzPolitika.info” “Reuters” agentliyinə istinadən xəbər verir ki, Kellogun səfəri zamanı təhlükəsizlik, müdafiənin gücləndirilməsi, silah tədarükü, sanksiyalar və Ukrayna–ABŞ əməkdaşlığının dərinləşdirilməsi məsələləri müzakirə olunur.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak sosial şəbəkədə yazıb ki, görüşlər zamanı tərəflər Ukraynanın müdafiə imkanlarının artırılması və ABŞ-ın strateji dəstəyinin gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
Prezident Volodimir Zelenski isə bazar günü axşam çıxışında bildirib ki, Kit Kellog Ukrayna Silahlı Qüvvələrinin komandanları ilə də görüşəcək. Onun sözlərinə görə, nümayəndəyə Rusiyanın hərbi imkanları və Ukraynanın mövqeyi barədə məlumat təqdim olunacaq.
Kellogun həmçinin Ukrayna Təhlükəsizlik Xidməti və kəşfiyyat orqanlarının rəhbərləri ilə də görüşəcəyi gözlənilir.\
“Gələcək dəstək barədə danışıqlar bu həftə ərzində davam edəcək. Biz istəyirik ki, ABŞ Rusiyanı sülhə məcbur etməyin mümkün yollarını tam şəkildə anlaya bilsin,” – deyə Prezident Zelenski vurğulayıb.
AzPolitika.info

Şərhlər