ABŞ Prezidenti Donald Tramp ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-dan rəsmi şəkildə çıxmasına qərar verib.
Bu barədə Ağ Evin sözçü müavini Anna Kelli məlumat yayıb.
Bu addımın səbəbi kimi təşkilatın “Amerika və İsrail əleyhinə mövqeyi və Çinə yönəlik təsirlər” göstərilib.
“Prezident Tramp, amerikalıların noyabr ayında səs verdiyi sağlam düşüncəyə əsaslanan siyasətlərlə uyğun gəlməyən, bölücü mədəni və sosial məqsədləri dəstəkləyən UNESCO-dan ABŞ-nin çıxmasına qərar verdi", - deyə Kelli bildirib.
Trampa yaxın mənbələrdən biri isə iddia edib ki, Çin Kommunist Partiyası UNESCO-dan öz maraqlarına uyğun qlobal standartların formalaşdırılması üçün istifadə edir. Həmin şəxs deyib:“Çin, UNESCO üzərindəki təsirindən Uyğur müsəlmanları kimi azlıqların ölkə tarixindəki rolunu kiçiltmək üçün də yararlanıb".
Qeyd edək ki, Donald Tramp 2017-ci ildə də oxşar səbəblərlə ABŞ-nin UNESCO-dan çıxmasını əmr etmişdi. Lakin onun yerinə seçilən Prezident Co Bayden 2023-cü ildə bu qərarı ləğv edərək ABŞ-ni təşkilata yenidən üzv etmişdi. Bayden administrasiyası bunun qarşılığında 600 milyon dollardan çox yığılıb qalmış üzvlük haqqının ödənəcəyini vəd etmişdi.
"AzPolitika.info"


Şərhlər