Nikol Paşinyan erməni Apostol Kilsəsinin indiki rəhbərliyinin yaxasını buraxmaq istəmir.
“AzPolitika” xəbər verir ki, hazırda erməni mediasının demək olar, əsas gündəm mövzusu Paşinyanın II Qareginlə qarşıdurması və katalikosun iqamətgahı qarşısına təyin etdiyi mitinqdir. Artıq sabiq prezident Levon Ter-Petrosyan baş naziri ittiham edərək, əhalini Paşinyanın çağırışına qoşulmamağa, “təxribata getməməyə” çağırıb.
Dünənsə Paşinyan daha bir paylaşım edərək, yenə II Qaregini hədəf alıb. Həmçinin, onun planına görə, Qaregin kilsədən çölə atılandan sonra yeni katolikos seçilməyəcək, ancaq əvəzedici təyin ediləcək.
Qeyd olunur ki, Paşinyanın planına əsasən bu dəyişikliklərin edilməsi nəzərdə tutulur:
- II Qareginin katolikos səlahiyyətləri əlindən alınacaq;
- Onun yerinə “Katolikos Vəkili” təyin olunacaq;
- Yeni katolikos seçkiləri yalnız kilsə qanunları yeniləndikdən sonra keçiriləcək;
- Namizədlərin mənəvi bütövlüyü və davranışları yoxlanacaq.
Paşinyan, bu reform prosesinə şəxsən rəhbərlik edəcəyini və rəhbərlik edəcək şəxslərin müəyyən dini meyarlara cavab verməli olduğunu bildirib.
“Hraparak” qəzeti öz mənbələrinə istinadla Paşinyanın planlarını açıqlayıb: "Bu, kilsəni başsız və uzun illər ruhani lidersiz qoymaqdır … Əslində, hökumətin bir neçə həftədir ki, Patriarxlığa qarşı əsasən keçmiş cinayətkarlardan, narkomanlardan və antisosial davranışa malik insanlardan ibarət üsyançı qruplar topladığı və Eçmiədzinə basqın etmək üçün koordinasiya etdiyi barədə şayiələr var. İlkin məlumata görə, Paşinyan kilsəyə basqını iyulun 27-nə, II Qareginin liturgiya qeyd edəcəyi günə təyin edib. Deyirlər ki, Paşinyan uzun müddət kilsəyə hücumu hansı günə planlaşdırmaq barədə fikirləşib, bir neçə dəfə tarixi dəyişib, lakin hər dəfə belə bir sual yaranıb: əgər katalikos kilsədə olmasa, bundan sonra nə etməli? Buna görə də, liturgiya zamanı kilsəyə basqın etmək qərara alınıb”.
Qeyd edək ki, son aylarda Paşinyan hökuməti ilə erməni kilsəsi arasında münasibətlər xeyli gərginləşib. Kilsə baş naziri Azərbaycanla güzəştli siyasət yürütməkdə ittiham edərkən, Paşinyan isə kilsəni “dövlət işlərinə qarışmaq” və “hakimiyyəti ələ keçirməyə çalışmaqda” günahlandırır.
“AzPolitika.info”

Şərhlər