Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putinin görüşünə dair ümumi razılıq əldə olunub.
"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV kanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan son danışıqlarda iki ölkə liderinin hansı şəraitdə və harada görüşə biləcəyi məsələsi müzakirə olunub.
Nazir bildirib ki, Rusiya və Ukrayna prezidentlərinin Türkiyədə görüşməsi prinsipial olaraq razılaşdırılıb: “Danışıqlar aparan heyətlərin üzərinə böyük məsuliyyət düşür. Bu məsələ müzakirə olunduqca, qarşılıqlı görüş istəyi daha aydın görünür. Əgər bu şəkildə davam etsək, aralıq bir həll yolunun tapılacağına inanıram. Hələ də tərəflərin açmadığı kartlar var. Biz isə lazımi mühiti yaratmağa çalışırıq”.
Xatırladaq ki, İyulun 23-də İstanbulda Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu keçirilib. Ukrayna tərəfi avqustun sonuna qədər Putin və Zelenski arasında görüş keçirməyi təklif edib.
Danışıqlardan sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, dövlət başçılarının görüşündən əvvəl sülh sazişinin detallarını işləyib hazırlamaq lazımdır.
Elman
"AzPolitika.info"

Şərhlər