Estoniya Rusiya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə yeni fiziki maneələrin quraşdırılmasına başlayıb. ERR dövlət tele-radio şirkətinin məlumatına görə, Narva şəhərində Rusiya Federasiyasının İvanqorod şəhəri ilə birləşən “Dostluq körpüsü” üzərində iri metal qapılar yerləşdirilib. Bu qapılar avtomobil yolunu tam şəkildə bağlayaraq icazəsiz keçidlərin qarşısını almağa yönəlib.
Gələcəkdə körpünün piyada hissəsinə də oxşar çıxarıla bilən metal baryerlər quraşdırılması planlaşdırılır. Bu baryerlər ehtiyac yaranarsa, həm giriş, həm də çıxışı tamamilə dayandıra biləcək.
Narva sərhəd-keçid məntəqəsinin rəhbəri Antti Eensalu bildirib ki, Peetri meydanı, Tuleviku küçəsi və Rusiya istiqamətindən gələn bütün girişlərə avtomobillərin hərəkətini məhdudlaşdıran baryerlər quraşdırılır. Onun sözlərinə görə, bu addımlar sərhədin təhlükəsizliyini artırmağa xidmət edir.
Eensalu qeyd edib ki, təxminən beş il əvvəl Rusiyadan gələn bir avtomobil mövcud baryerləri yararaq keçmişdi. Yeni maneələr belə halların qarşısını almağa, miqrant axını və fövqəladə hallarda isə vəziyyətə daha effektiv nəzarət etməyə imkan verəcək.
Rusiya tərəfində də “Dostluq körpüsü” istiqamətində aktiv tikinti işləri aparılır və yeni nəqliyyat sərhəd-keçid məntəqəsi inşa olunur.
ERR-in daha əvvəl yaydığı məlumata əsasən, 2025-ci ilin payızında Estoniya Rusiya ilə bütün quru sərhədi boyunca müdafiə xətti inşa etməyə başlayacaq. Estoniya mühəndis qoşunlarının nümayəndəsi Ainar Afanasyev bildirib ki, bu layihədə müasir silahlı münaqişələrdən əldə edilən təcrübələr nəzərə alınacaq. Zərurət yarandıqda mina sahələri yaradılması, körpü və boru kəmərlərinin partladılması da istisna edilmir.
“AzPolitika.info”

Şərhlər