Sadiq QURBANOV, 

Milli Məclisin komitə sədri

8 avqust 2025-ci il tariximizin qızıl səhifəsinə çevrildi. Bu səhifədə Heydər Əliyevin uzaqgörən ideyası ilə İlham Əliyevin zəfər diplomatiyası birləşərək, Azərbaycanın gələcəyinə möhür vurdu.

Tarix dəfələrlə sübut edib ki, millətlərin taleyində dönüş yaradan məqamlar təsadüfi olmur. Onları formalaşdıran millətin iradəsini öz iradəsinə çevirən, dövlətin gələcəyini qətiyyətlə quran şəxsiyyətlər, böyük liderlər olur.

20-ci əsrin sonunda Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı dağılmaqdan, parçalanmaqdan, vətəndaş qarşıdurmasından xilas etdi. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqilliyini yalnız formal şəkildə deyil, real məzmunda qoruyub möhkəmləndirdi. Heydər Əliyev deyirdi: “Müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz etmək üçün biz gərək onu möhkəmləndirək, onu qorumaq üçün güclü dövlət quraq.” 21-ci əsrin ortalarına doğru isə Prezident İlham Əliyev bu məktəbin layiqli davamçısı olaraq Azərbaycanı qalib, müstəqil, qüdrətli və bərabərhüquqlu tərəfdaş kimi dünyaya təqdim etdi. Onun liderliyində dövlətimiz təkcə regionun deyil, beynəlxalq sistemin etibarlı oyunçusuna çevrildi. Cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi: “Azərbaycan heç vaxt başqasının diktəsi ilə yaşamayacaq. Biz yalnız milli maraqlarımıza uyğun qərarlar qəbul edirik.”

8 avqust 2025-ci il Azərbaycan tarixində həm Heydər Əliyev irsinin, həm də İlham Əliyev siyasətinin qovuşduğu möhtəşəm bir zirvədir. Bu tarix Vaşinqtonda, dünyanın siyasi mərkəzində imzalanan sənədlər təkcə diplomatik qələbə deyildi. Bu, dövlətçilik məktəbinin, milli iradənin və haqqın təntənəsi idi.

Heydər Əliyev vaxtilə demişdi: “Bizim müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır. Bu müstəqilliyi qorumaq hər birimizin borcudur.”

İlham Əliyev cənabları isə bu borcu yalnız qorumaqla kifayətlənmədi, eyni zamanda müstəqilliyi qalib mövqeyə yüksəltdi.

Səfər çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması haqqında Anlaşma Memorandumu ümummilli lider Heydər Əliyevin “Böyük dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq” prinsipinin 21-ci əsrdə yeni formatda təcəssümüdür. Əgər 1990-cı illərdə ümummilli lider Heydər Əliyev “Əsrin müqaviləsi” ilə Azərbaycanın siyasi mövqeyini möhkəmləndirirdisə, bu gün cənab İlham Əliyev süni intellektdən enerji təhlükəsizliyinə qədər bütün strateji sahələrdə əməkdaşlıqla milli maraqlarımızı gücləndirir. 33 il əvvəl, 1992-ci ildə tətbiq olunan ədalətsiz 907-ci düzəliş illərlə Azərbaycanın beynəlxalq imkanlarını məhdudlaşdırdı. O vaxt ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilir, birtərəfli yanaşmalar irəli sürülürdü. Hətta bəzi dairələr, o cümlədən Minsk qrupu Azərbaycanı təslimçi, güzəştçi ssenarilərə sövq etmək istəyirdi. Bizdən Qarabağ məsələsində milli maraqlarımıza zidd şərtlər qəbul etmək tələb olunurdu. Ümummilli lider Heydər Əliyev belə təklifləri qətiyyətlə rədd edərək deyirdi: “Heç vaxt elə sənədə imza atmaram ki, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirsin.”

Bu prinsip bu gün də dəyişməyib. İlham Əliyev Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olduğu halda sülh sazişinə imza atmağı rədd etdi və açıq dedi: “Ərazi bütövlüyü danışıqlar mövzusu deyil.”

Vaşinqtonda 907-ci düzəlişin ləğvi prosesi isə illərlə davam edən ədalətsizliklərə verilmiş tarixi cavabdır. Əvvəllər bizə “sanksiyalar qarşılığında güzəşt edin” deyənlər indi Azərbaycanın ədalətli mövqeyini qəbul etmək məcburiyyətində qaldılar. 1996-cı ildə ATƏT-in Lissabon Sammitində Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq Azərbaycanın milli mövqeyini müdafiə etdi. O vaxt bəzi qüvvələr Qarabağın “xüsusi statusu” kimi təhlükəli formulaları sənədə salmaq istəyirdi. Heydər Əliyev buna qarşı çıxdı və dedi: “Azərbaycanın ərazi bütövlüyünü tanımayan heç bir sənədə razılıq verməyəcəyəm.”

O gün Lissabonda nümayiş etdirilən prinsipiallıq bu gün Vaşinqtonda İlham Əliyevin imzası ilə davam etdi. İllərlə uzadılan danışıqların iflası artıq rəsmiləşdi. Azərbaycan və Ermənistan liderlərinin, ABŞ Prezidentinin iştirakı ilə imzalanan Birgə Bəyannamə bu iflasın rəsmi təsdiqi və yeni sülh səhifəsinin başlanğıcıdır.

Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsinin təmin olunması xüsusi yer tutur. Bu, ümummilli lider Heydər Əliyevin vaxtilə dediyi “Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir” prinsipinin diplomatik zəfəridir. İlham Əliyev dəfələrlə bildirib: “Biz regionu sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevirəcəyik.” Bu marşrut həmin məqsədin real infrastruktur ifadəsidir.

Enerji sahəsində SOCAR və ExxonMobil arasında imzalanan memorandum isə Heydər Əliyevin 1994-cü ildə imzaladığı “Əsrin müqaviləsi”nin müasir davamıdır. O vaxt biz dünyaya enerji ilə açıldıq, bu gün isə biz enerji ilə yanaşı texnologiya, tranzit və təhlükəsizlik sahələrində də qlobal oyunçuya çevrilirik.

Bu gün qətiyyətlə deyə bilərik ki, cənab Prezident İlham Əliyev Vaşinqtonda nümayiş etdirdi ki, dövlətçilikdə qətiyyət və milli maraqlara sadiqlik dəyişməz qalır. Heydər Əliyevin qoyduğu prinsipial xətt bu gün yeni tarixi şəraitdə davam edir: güzəşt yalnız qarşılıqlı hörmət üzərində mümkündür, ərazi bütövlüyü isə danışıqlar mövzusu ola bilməz. Bu gün biz təkcə sənədlərin imzalanmasını deyil, illərdir Azərbaycanın qarşısına qoyulan yanlış təkliflərin, birtərəfli planların, ədalətsiz vasitəçilik oyunlarının iflasını gördük. Bu gün İlham Əliyevin prinsipial və uzaqgörən diplomatiyası tarixi zəfər qazandı, Azərbaycan dövlətçiliyinin sütunları daha da möhkəmləndi və əsrlər boyu arzulanan ədalətli sülhün qapıları üzümüzə açıldı.

Bütün xalqımızın gözü aydın olsun!