Azərbaycan Prezidentinin "Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur.
Belə ki, elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd olan Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları - yaradılacaq. Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən tam yeni 2 elmi müəssisə formalaşdırılacaq.
Modern.az sözügedən instutların nə zaman birləşdiriləcəyinə dair məlumat əldə etmək üçün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Agentlikdən sorğuya cavab olaraq bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayev tərəfindən sərəncamın icrasının təmin edilməsi barədə əmr imzalanmış, tədbirlər planı və işçi qrupu müəyyən edilmişdir.
Qurumdan verilən məlumata görə, Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən hazırda həmin tədbirlər planına uyğun istiqamətdə işlər aparılır və müvafiq müzakirələr gedir.
Əlavə olaraq qeyd edilib ki, Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı ilə yaradılan Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti tədris ilində baş tutacaq ilk iclasında bu məsələ müzakirəyə qoyulacaq.

Şərhlər
Bizdə yeni institutların yaradılması əlavə xərcdir. Belə ki, elm deyilən, elmi tədqiqat deyilən bir şey qalmayıb. AAK-ın üzvü olmuş, (ola bilsin ştatdankənar) Sumqayıt Universitetinin iqtisadçı "professoru" Şəfa Əliyev ad-soyadlı birisi, elmi adları satmaqla məşğul idi. Bunu o təkbaşına edə bilməzdi, yəni AAK-nın rəhbərliyindən kənar edə bilməzdi. Əsil savadlı insanlar isə Şəfa kimilərinin əliylə elmdən uzaqlaşdırılırlar. Buna görə də Elmlər Akademiyası və Təhsil Nazirliyinə verilmiş elmi-tədqiqat institutlarının sayını tam azaltmaq, büdcədən onlara mümkün qədər az vəsait ayırmaq lazımdır.