Menu

Ukraynaya təhlükəsizlik zəmanətləri - ABŞ və Avropa arasında müzakirələr davam edir

22.08.2025, 14:42
Ukraynaya təhlükəsizlik zəmanətləri - ABŞ və Avropa arasında müzakirələr davam edir

Vaşinqtonda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Finlandiyanın nümayəndələrinin iştirakı ilə Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı görüşlər keçirilib. Müzakirələrdə Ukrayna tərəfi də iştirak edib.

Pentaqonun məlumatına görə, müxtəlif hərbi dəstək variantları hazırlanaraq aidiyyəti ölkələrin milli təhlükəsizlik məsləhətçilərinə təqdim olunub. Planlar avqustun 22-də ABŞ, Avropa Komissiyası və NATO nümayəndələrinin iştirakı ilə onlayn formatda geniş müzakirə edilib.

Razılaşmaya əsasən, təhlükəsizlik zəmanətlərinin əsas məsuliyyəti Avropa ölkələrinin üzərinə düşəcək. ABŞ isə hava məkanının patrulu və hava hücumundan müdafiə sistemləri ilə dəstək verməyə hazır olduğunu bildirib.

Ukraynaya əsgər göndərmək məsələsi gündəmdə olsa da, Polşa və Rumıniya bu variantı rədd edib, Almaniyanın iştirakı isə qeyri-müəyyəndir.

Rusiya NATO hərbçilərinin Ukraynada yerləşdirilməsinə qəti etiraz edir. Moskva bildirir ki, təhlükəsizlik zəmanətləri yalnız BMT Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən verilə bilər. Kiyev isə bu mövqeni qəbul etmir.

"Bloomberg"in yazdığına görə, Lavrovun son açıqlamaları Rusiya ilə ABŞ arasındakı danışıqları dalana dirəyib. Tramp isə yaxın həftələrdə irəliləyiş əldə olunmasa, Vaşinqtonun yeni strategiyaya keçəcəyini bəyan edib.

ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Ukrayna üçün əsas məqsəd gələcəkdə təcavüzün qarşısını alacaq real zəmanətlərin əldə olunmasıdır.

Rasim Əliyev

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol