Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ABŞ Prezidenti Donald Trampa açıq məktubla müraciət edərək, onun prezidentliyinin dünyaya sülh və rifah gətirəcəyinə ümid etdiyini bildirib.
Dövlət başçısı vurğulayıb ki, Gürcüstanın xarici siyasətində əsas prioritetlərdən biri ABŞ-la strateji tərəfdaşlığın bərpasıdır. Onun sözlərinə görə, bu tərəfdaşlıq əvvəlki administrasiya dövründə ciddi zərbə alıb:
“Bugünkü administrasiyanın diqqət mərkəzində olan məsələlər Gürcüstan hakimiyyəti tərəfindən illər öncə gündəmə gətirilmişdi. Lakin paradoks ondadır ki, Gürcüstan məsələsində Sizin administrasiyanız əvəzinə hələ də “Deep state” fəaliyyət göstərir. USAID, NED və digər qurumlar vasitəsilə ənənəvi sərt metodlardan istifadə olunaraq ölkəmizdə yenidən gərginlik yaratmaq və sabitliyi pozmaq cəhdləri müşahidə edilir”, – deyə Kavelaşvili qeyd edib.
Prezident məktubunda Donald Trampın qısa müddətdə Gürcüstanın bütün qonşuları ilə sıx münasibətlər qurduğunu da xüsusi vurğulayıb:“Siz Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına uğurla vasitəçilik etdiniz, Türkiyə hakimiyyəti ilə fəal əməkdaşlıq edirsiniz, hətta Vladimir Putinlə də tərəfdaşlığı bərpa etmisiniz. Amma bütün bunların fonunda Gürcüstan barədə Sizin administrasiyanızın heç bir açıqlama verməməsi ölkə ictimaiyyətində təəccüb doğurur”.
“AzPolitika.info”

Şərhlər