Polşanın şərqindəki Vırıki-Volya kəndində 10 sentyabr gecəsi zərər görmüş yaşayış evinin əvvəlcə iddia edildiyi kimi pilotsuz uçuş aparatı (PUA) tərəfindən deyil, Polşa Hərbi Hava Qüvvələrinin F-16 qırıcısından atılan raketlə vurulduğu bildirilir. Bu barədə “Rzeczpospolita” qəzeti mənbələrinə istinadən yazıb.
Prokurorluq əvvəlcə evin damının və bir hissəsinin “naməlum uçan obyektin qalıqları” nəticəsində zədələndiyini açıqlamış, lakin bunun konkret PUA olduğunu təsdiqləməmişdi. Məlumata görə, həmin gecə Polşa hava məkanına daxil olmuş 20-yə yaxın PUA partlayıcı daşımırdı və “aldadıcı” xarakter daşıyırdı. Belə dronların evə ciddi ziyan vurması mümkün deyil.
Mənbələr iddia edir ki, evə zərəri əslində PUA-nı vurmaq üçün buraxılmış F-16 raketi yaradıb. Pilotun səhvi yox, naviqasiya sistemindəki nasazlıq səbəbindən raket hədəfdən yayınaraq yaşayış evinə düşüb. Raket partlamadığı üçün dağıntılar məhdud qalıb, xəsarət alan olmayıb, lakin əmlaka ciddi ziyan dəyib.
Polşa Müdafiə Nazirliyi bu versiyanı nə təsdiqləyib, nə də təkzib edib, yalnız evin bərpasının hərbi qurumun hesabına aparılacağını açıqlayıb. Rəsmi istintaq isə hələ yekun mövqe bildirməyib.
Qeyd olunur ki, həmin gecə Polşa və NATO qüvvələri 3–4 PUA-nı vurub, qalanları isə zərərsiz yerə düşüb. Ümumilikdə 17 dron və onların qalıqları aşkarlanıb, real ziyan yalnız Vırıki-Volyadakı evə dəyib.
Polşa hakimiyyəti və NATO bu hücumda Rusiyanı ittiham edir və dronların məqsədli şəkildə buraxıldığını bildirir. Moskva isə məsuliyyəti inkar edərək, hadisənin Ukrayna ilə bağlı ola biləcəyini iddia edir.
“AzPolitika.info”


Şərhlər