Qüdrət Həsənquliyev: "Şuşa Bəyannaməsinin imzalandığı yerdə Türkiyə-Azərbaycan qardaşlığını simvolizə edən möhtəşəm abidə ucaldaq"

 “Prezidentə inanan və ondan inkişaf üçün dəyişiklik gözləyən xalqımızın bugünkü susqunluğu onun həyatından razı olması kimi qəbul olunmamalıdır”

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə qısa müsahibəsində Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə əlaqədar təşkil edilmiş konfrans və orada səsləndirdiyi təkliflər barədə danışıb.

Partiya sədri bildirib ki, tədbir Milli Məclisin sədri Sahibə Qafqarovanın təşəbbüsü ilə çox əlamətdar hadisəyə həsr olunub. Buna görə spikerə və tədbiri yüksək səviyyədə təşkil etmiş Milli Məclisin Aparatına təşəkkürünü ifadə edən millət vklili, xatırladıb ki, konfransda Konstitusiya Məhkəməsinin sədri, deputatlar, müxtəlif dövlət orqanlarının rəhbərliyində təmsil olunan tanınmış şəxslər və elm adamları iştirak edib. “Moderatorun tez-tez çıxışlara yersiz iradları, şərh və əlavələri ümumi ab-havanı bir qədər pozsa da, çox maraqlı çıxışlar oldu”, - Q.Həsənquliyev əlavə edib.

Partiya sədri daha sonra deyib: “Mən xalqımızı müstəqillik tariximizin ən şanlı səhifələrindən biri olan "Dövlət Suverenliyi Günü" münasibətilə təbrik edirəm. Qarabağın azadlığı, torpaqlarımızda dövlət suverenliyinin bərpası mərhum prezidentimiz Heydər Əliyevin adı ilə də bağlıdır. O, 20 sentyabrda "Əsrin Müqaviləsi"ni imzalamağı bacardı, buna mane olmaq istəyən dövlətlərlə anlaşa və onları neytrallaşdıra bildi. 20 sentyabrda – bu uğurlu gündə, Prezident İlham Əliyev Qarabağ üzərində dövlət suverenliyini bərpa etdi, erməni faşizminə və işğala son qoydu. Neft gəlirləri hesabına güclü ordu qurduq, müttəfiqlər qazandıq, torpaqlarımızı işğaldan azad etdik. Bu gün də görülən işlər əsasən neft gəlirləri sayəsində baş verir. Buna görə 20 sentyabr – "uğur günü"nün dövlət bayramı kimi qeyd olunmasını təklif edənlərdən biri və bəlkə də birincisi mən idim. Çox şadam ki, həmin günü sabah bayram kimi qeyd edəcəyik və eyni zamanda böyük dövlət xadimi Heydər Əliyevi böyük sayğı və ehtiramla anacağıq”.

Millət vəkili daha sonra konfransda səsləndirdiyi təkliflərdən danışıb: “Təklif edirəm ki, 10 noyabr 1992-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunun əvəzinə yeni, "Azərbaycan Respublikasının orden və medalları haqqında" və ya "Dövlət təltifləri haqqında" qanun qəbul edək. Yeni qanuna belə bir norma daxil edək ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı Milli Məclis tərəfindən təltif olunsun. Dövlət təltiflərinin təqdim olunma proseduru və geri alınma qaydaları da bu qanunda öz əksini tapmalıdır.

Cabir Novruzun gözəl bir şeiri var: "Sağlığında qiymət verin insanlara." Bayram ərəfəsində bu məsələni qaldırmağımın məqsədi odur ki, Ali Baş Komandan kimi İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunmasındakı müstəsna xidmətlərini nəzərə alıb, onu, kənardan kimin nə deyəcəyinə və hansı nəticələr çıxaracağına əhəmiyyət vermədən, təsis olunduğu andan bu günə kimi heç kəsə verilməmiş, Azərbaycan Respublikasının Ali Hərbi Ordeni "Şah İsmayıl Ordeni" ilə təltif edək. Əvvəllər də təklif etmişdim ki, Şuşada tikilən məscid onun adını daşısın. O zaman əxlaqsız insanların hücumları ilə üzləşdim, inşallah, vaxt gələr layiqli cəzalarını alarlar. Şuşada tikilən yeni məscidə onun adının verilməsi çox ədalətli olar. Bu, Allaha da xoş gedər.

İlham Əliyev inanclı adamdır; Qarabağı Allahın köməyi ilə işğaldan azad etdi və işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına məscidlərin bərpası ilə başlayır. Bundan başqa, təklif edirəm ki, Şuşa Bəyannaməsinin imzalandığı yerdə Türkiyə-Azərbaycan qardaşlığını simvolizə edən möhtəşəm abidə ucaldaq. Başqa bir möhtəşəm abidəni isə Xankəndində Azərbaycan əsgərinin şərəfinə yüksəldək”.

Qüdrət Həsənquliyev vurğulayıb ki, qələbəmizə, qələbəmizdə xidməti olanlara, şəhidlərimizə və qazilərimizə verdiyimiz və verəcəyimiz yüksək qiymət özümüzə və xalqımıza verdiyimiz qiymətdir: “Erməni faşizmi üzərində qələbəmiz bizi daha böyük uğurlara, daha böyük quruculuq işlərinə və qələbələrə ruhlandırmalıdır. Qalib xalqımız daha yaxşı yaşamaq haqqına sahibdir. Biz onlara bu imkanı yaratmalıyıq. Xalqımızın indiki sosial inkişaf göstəricilərini nəzərə alıb, nə indi, nə də yaxın gələcəkdə xalqdan böyük dəyişikliklər üçün sosial sifariş gözləməməliyik. Prezidentə inanan və ondan inkişaf üçün dəyişiklik gözləyən xalqımızın bugünkü susqunluğu onun həyatından razı olması kimi qəbul olunmamalıdır. Böyük quruculuq işlərinə başlamasaq, insanlarımızın yaxşı yaşamaq üçün bir-birinin haqqını çeynəyəcəklərini, güclülərin zəifləri, səlahiyyətli şəxslərin sadə vətəndaşları, kiçik və orta sahibkarları istismar edəcəyini, ali insani dəyərlərin aşınacağını müşahidə edəcəyik. Bütün bunları önləmək üçün hökumətin fəaliyyətinə və qanunların icrasına nəzarət mexanizmlərini nəzərdə tutan yeni Konstitusiya, müasir qanunlar və qərarlar qəbul etməliyik. Qanunların icrasına nail olmaqla cəmiyyətimizin inkişafına çalışmalıyıq ki, Allahın kölgəsi həmişə üzərimizdə olsun, köməyimizə çatsın, bizi bir daha ərazi bütövlüyümüzlə, qaçqın-köçkün ağrı-acısı və vətəndaş qarşıdurması ilə sınağa çəkməsin. Bir an olsun yaddan çıxarmamalıyıq ki, Allah bizə həm səmadan, həm daxildən – vicdanımızla, həm də kənardan – xalqın gözü ilə nəzarət edir”.

ƏHD sədri sonda xatırladıb ki, Prezident Müstəqil Azərbaycan dövlətinin ilk baş naziri Fətəli xan Xoyskinin 150 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə sərəncam imzalayıb. “Rəsulzadənin, Xoyskinin və Topçubaşovun qəbirlərinin Azərbaycana gətirilməsi tariximizə verdiyimiz yüksək qiymət olar və onların, həmçinin silahdaşlarının ruhunu şad edərdi”, - millət vəkili qeyd edib.

Rasim Əliyev

“AzPolitika.info”