22 sentyabr gecəsi Ukraynanın pilotsuz uçuş aparatlarının hücumu nəticəsində işğal olunmuş Krımda azı 3 nəfər həlak olub, 16 nəfər yaralanıb.
“AzPolitika” bildirir ki, bu barədə yarımadanın Rusiya tərəfindən təyin olunmuş qondarma rəhbərliyi məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, dronlar “fugaсs döyüş başlıqları” ilə təchiz olunaraq kurort zonasında mülki obyektlərə zərbə endirib.
Krım “rəhbəri” Sergey Aksyonov bildirib ki, hücum nəticəsində “Foros” sanatoriyasının ərazisində bir neçə obyekt, həmçinin bir məktəb binası zədələnib. Şagirdlər dərslərini müvəqqəti olaraq distant formada davam etdirəcəklər.
Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, həmin gecə ümumilikdə 114 ukraynalı dron məhv edilib:
25-i Rostov vilayəti və Krasnodar diyarı üzərində,
19-u Belqorod vilayəti üzərində,
13-ü isə Astraxan üzərində.
Ukrayna tərəfi son hücumlarla bağlı rəsmi açıqlama verməyib. Lakin bundan əvvəl Ukrayna hərbi kəşfiyyatı Krımda 3 ədəd Mi-8 helikopterinin və “Nebo-U” radiolokasiya stansiyasının məhv edildiyini açıqlamışdı. Bu əməliyyatın videogörüntüləri də internet resurslarında yayılmışdı. Rusiya bu məlumatı təsdiqləməmişdi.
“AzPolitika.info”


Şərhlər