Menu

İcma sədri və daha bir nəfər öldürüldü – Ermənistanda qanlı hesablaşma, Paşinyan açıqlama yaydı

24.09.2025, 12:35
İcma sədri və daha bir nəfər öldürüldü – Ermənistanda qanlı hesablaşma, Paşinyan açıqlama yaydı

Ermənistanda, İrəvanın bir neçə kilometrliyində yerləşən Armavir vilayətinin Merdzavan yaşayış məntəqəsində ötən gecə atışma baş verib. Hadisə nəticəsində biri icma sədri Volodya Qriqoryan olmaqla iki nəfər öldürülüb, bir nəfər isə xəsarət alıb.

Digər ölən şəxs kriminal polis əməkdaşı Karen Abramyandır. Atışma vaxtı o, xidməti vəzifədə olmayıb, Qriqoryanla birlikdə olub.

Mart seçkilərində Parakar icmasında müxalifətdə olan “Həyat üçün ölkə” partiyasının təmsilçisi V. Qriqoryan qalib gəlmişdi. Onun təmsil olunduğu “Birlik” bloku səslərin 57 faizindən çoxunu qazanmışdı. İcmada növbədənkənar seçkilər isə o vaxtkı bələdiyyə başçısı, hakim “Mülki Müqavilə” partiyasından olan Lüdviq Gülnazaryanın istefasından sonra keçirilmişdi. O, ötən ilin noyabrında baş vermiş qanlı insidentdə iştirakına görə vəzifədən getmişdi. Həmin insidentdə bir nəfər ölmüş, iki nəfər yaralanmış, yaralılardan birinin isə L. Gülnazaryan olduğu bildirilmişdi.

Parakar icması doqquz kənddən ibarətdir, onların ən böyüyü Parakardır.

Ermənistan İstintaq Komitəsi bildirib ki, Merdzavan kəndində baş verən atışma və qətllə bağlı cinayət işi başlanılıb.

Baş nazir Nikol Paşinyan hadisəni pisləyib. O, həlak olanların ailələrinə və Parakar sakinlərinə başsağlığı verib. Paşinyan vurğulayıb ki, ölkənin hüquq-mühafizə orqanları qısa müddətdə bu cinayətdə əli olan bütün şəxsləri müəyyən etməlidirlər.

Baş nazir həmçinin qeyd edib ki, Parakarda ardıcıl zorakılıq aktlarının qarşısını almaq üçün görülməli qabaqlayıcı tədbirlər barədə təhlil aparılmalı və müvafiq nəticələr çıxarılmalıdır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol