Məhkəmədən qaçan Rusiya reyestr xidməti - “Rosreestr”-in keçmiş əməkdaşı Ermənistan konsulluğunda ölü tapılıb. Onun intihar etdiyi güman edilir.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Sankt-Peterburqdakı məhkəmədən qaçan “Rosreestr”-in Sankt-Peterburq ofisinin keçmiş rəis müavini Boris Avakyan Ermənistan konsulluğunda ölü tapılıb.
“Baza”kanalının məlumatına görə, o, özünü konsulluğun tualetində güllələyib.
Avakyan bir gün əvvəl gömrük rüsumundan yayınma işi üzrə həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilib. Belə ki, prokurorluq onun həbsi üçün vəsatət vermişdi. Avakyan hakim müşavirə otağına çəkiləndə məhkəmə binasından qaçıb.
Sankt-Peterburq məhkəməsinin mətbuat xidməti RİA Novosti-yə bildirib ki, Avakyan məhkəməyə hərbi polis müşayiəti ilə gətirilib. Əslində, Avakyanın işi Müdafiə Nazirliyi ilə müqavilə bağladığı üçün dayandırılmışdı. Yəni, məhkəmə təqibindən yayınmaq üçün erməni məmur Rusiya tərəfində Ukraynaya qarşı döyüşməyə razılıq vermişdi. Lakin sonradan müharibəyə getmədiyi üçün ona qarşı cinayət işi yenidən açılıb. Qaçıb konsulluğa sığınan Avakyan Ermənistan vətəndaşlığı aldığı üçün İrəvana ekstradisiya olunmasını istəyib. Lakin görünür bu, mümkün olmayıb.
Maraqlıdır ki, Avakyana qarşı iş hələ 10 il əvvəl qaldırılıb və 2014-2015-ci illərdə ucuz tikinti materialları adı altında Rusiyaya təsərrüfat mallarının idxalı ilə bağlı olub. 2016-cı ildə istintaq başlayandan sonra o, Ermənistana qaçıb. Hətta bir müddət Qarabağdakı qondarma separatçı qurumda “vəzifə” də tutub. Lakin sonradan yenə Rusiyaya qayıdıb. Nəticədə Ukraynada istifadə üçün “top əti” axtaran Rusiya hakimiyyətinin güdazına gedib.
“AzPolitika.info”


Şərhlər