ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hindistanın Baş naziri Narendra Modi onu Rusiyadan neft idxalını dayandıracağına əmin edib. Tramp bu açıqlamanı oktyabrın 15-də Ağ Evdə jurnalistlərə verib.
“Hindistanın neft almasından xoşum gəlmirdi. O (Modi) bu gün məni əmin etdi ki, onlar Rusiyadan neft almayacaqlar. Bu, böyük addımdır. İndi Çinin də bunu etməsini istəyirik”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Hindistan hazırda Rusiyanın ən böyük enerji alıcılarından biridir və bu alqı-satqı Ukraynadakı müharibə fonunda Qərb ölkələrinin kəskin tənqidinə səbəb olur. Vaşinqton və Avropa ölkələri bu ticarətin dolayısı ilə Moskvanın müharibə maşınına xidmət etdiyini bildirirlər.
ABŞ administrasiyası avqustun sonunda Hindistan mallarına tətbiq olunan tarifləri iki dəfə artıraraq 50 faizə qaldırmışdı. Tramp bu addımı da Hindistanın Rusiyadan enerji alışına cavab olaraq əsaslandırmışdı.
O, Hindistanın neft alışını “dərhal dayandıra bilməyəcəyini”, lakin bu prosesin tezliklə tamamlanacağına ümid etdiyini bildirib. Həmçinin, qeyd edib ki, “müharibə bitdikdən sonra Hindistan yenidən Rusiyadan neft ala bilər”.
Hazırda Hindistan tərəfi Trampın dediklərini rəsmi olaraq təsdiqləməyib. Lakin oktyabrın 11-də ABŞ səfiri Sercio Qor Yeni Dehliyə gəldikdən bir neçə saat sonra Narendra Modi ilə görüşüb. Bu addım Modi hökumətinin Vaşinqtonla münasibətləri normallaşdırmaq istəyi kimi qiymətləndirilir.
Tramp administrasiyası yalnız Hindistana deyil, eyni zamanda Yaponiya və Çinə də Rusiyadan enerji idxalını dayandırmaq üçün təzyiqlər göstərir. ABŞ-ın maliyyə naziri Skott Bessent oktyabrın 15-də Yaponiyalı həmkarı Katsunobu Kato ilə Rusiyadan enerji idxalının dayandırılması və ikitərəfli iqtisadi münasibətlər mövzusunda müzakirələr aparıb.
Bessent daha öncə də bildirib ki, Vaşinqton Rusiyadan enerji aldığına görə Çinə qarşı da tarif tətbiq etməyə hazırdır, lakin bu addımın Avropa müttəfiqləri ilə koordinasiyalı şəkildə həyata keçirilməsi vacibdir.
"AzPolitika.info"


Şərhlər