Dekabrın 24-də 2015-ci ilə dair proqnozlarını açıqlayan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, gələn il Azərbaycanda vəziyyət hər ay çətinləşəcək: “Rusiyadan gələn pullar və Neft Fondunun gəlirləri azalacaq, ilin ilk rübündə ümumi daxili məhsulun (ÜDM) artım tempi sıfıra yaxın olacaq, hətta azalma da mümkündür. İlin sonuna yaxın isə manatda yumşaq devalvasiya baş verəcək.
Neft ölkələri arasında ÜDM, büdcə (icmal büdcə) və ixracat rəqəmlərinə görə neftdən ən çox asılı ölkə Azərbaycandır, faktiki olaraq bir borudan asılı iqtisadi model qurulub. Neftin qiyməti 1-ci rübdə 45-50 dollar olsa, yanvar-mart aylarında tədiyyə balansımızda ciddi problem olacaq, başa-baş çıxa bilsək, yəni satdığımız neftin dəyəri qədər mal və məhsul idxal etsək, böyük şeydir”.
“Media forum” saytının məlumatına görə, ekspert qeyd edib ki, 2015-ci ildə Rusiyada iqtisadi vəziyyət faciəvi həddə olacaq: “ÜDM 4,5-5% azalacaq, dollar və avro yeni rekord səviyyələrdə olacaq, bir çox şirkətlər müflisləşəcək, işsizlik və sosial gərginlik artacaq. Ölkədən gələn il daha 100 milyard dollar çıxacaq, Rusiyanın şirkətləri isə 136 milyard dollar borc qaytarmalı olacaqlar”.
Ekspertin proqnozuna görə, gələn il İrana sanksiyalar götürüləcək, bu da öz növbəsində neftin qiymətinin enməsində rol oynayacaq: “Neftin qiyməti 2015-ci ilin 1-ci rübündə 45 dollara qədər enə bilər, sonra yenidən qalxacaq. 2015-ci ildə orta qiymət 60-65 dollar arası olacaq”.

Şərhlər