30 min tona yaxın lak-boya materialı istehsalatda və idxalda qeydə alınmır
Azərbaycanda lak-boya materiallarının (LBM) istehsal həcmi 11 ayda 12,8% azalıb, deyə Dövlətstatkom bildirir. "Turan"nın məlumatına görə, ilin əvvəlindən ölkədə 4 134,5 ton lak-boya materialları istehsal edilib. Məhsulun 1,5 min tonu xaricdə satılıb. Azərbaycanda bu məhsulun illik istehlak səviyyəsi 47,5 min tondur.
Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-sentyabrında ölkəyə 15 min ton lak-boya materialları idxal edilib. İdxalçılar məhsulun tonunu 822,6 dollar bəyan edib. Bu, 2013-cü ildəkindən (tonu 1008 dollar) 185 dollar azdır. Pərakəndə satışda idxal boyaları 3 manatdan başlayaraq, bir sıra brendlər 8-12 manata satılır.
Ekspertlərə görə, istehlakın 80%-i yerli istehsal hesabına təmin edilir. 2013-cü ildə lak-boya materiallarının vergiyə cəlb edilən həcmi (30-dan çox subyekt) 5,2 min ton (+48%) təşkil edib.
Maraqlıdır ki, Azərbaycan boyaları da ucuz qiymətə satılır. Bu ilin 9 ayında ixrac qiyməti tonu 881,6 dollar olub. Bu, ötən ilkindən 16 dollar azdır.
2012-ci ildə Ermənistanda 10,8 min ton (-7,6%) lak-boya materialları istehsal edilib, deyə erməni KİV-i məlumat verir. Bu, Azərbaycandakından 3 dəfə çoxdur. Və ya Qazaxıstanda (əhalisi 17 milyon nəfər) 2012-ci ildə 60 min ton LBM istehsal olunub. Amma bu ölkənin LBM istehlakında RF, Almaniya, Finlandiya, Danimarka məhsulları ciddi yer tutur.
Dünyada 1 nəfərə orta lak-boya materialları istehlakı 11,5 kq, Çində 6,4 kq, Rusiyada 5,2 kq, Qazaxıstanda 5-6 kq-dır.
Mütəxəssislərin fikrincə, iqtisadiyyata investisiyalar, əhalinin daşınmaz əmlaka yatırımları nəzərə alınanda Azərbaycanda 1 nəfərə lak-boya materialları istehlakı 5 kq və ya 47,5 min tondur. Bunun 30 min tonu istehsalatda və idxalda qeydə alınmır. Ölkədə lak-boya materiallarının uçotdan gizlədilən həcmi 60 milyon manata yaxındır.

Rasim
AzPolitika.info
QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

Şərhlər