Nazirlər Kabineti 6 noyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi Qaydaları"nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, emal edilməmiş almazın idxal və ixracı zamanı emal edilməmiş almazlar kənar müdaxilədən qoruyan və müdaxilə edildikdən sonra ilkin formaya qayıtmasını istisna edən konstruktiv quruluşa malik təhlükəsiz bağlamalarda daşınmalı, bağlamalara müvafiq eyniləşdirmə vasitələri (plomblar, möhürlər, ştamplar və s.) tətbiq olunmalıdır.
Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi zamanı mühafizənin təşkilini Daxili İşlər Nazirliyinin silahlı ekipajı ödənişsiz qaydada həyata keçirir.
Qərar ölkəmizin "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulduğu gündən qüvvəyə minir.

Şərhlər
Məqaləni 3-4 dəfə oxudum heç nə başa düşmədim. Axırda belə təxmin etdim ki,elitanın çırpışdırdığı ləl-cavahiratın ölkədən rahat çıxışina münbit şərait yaradılır. Bu işi icra edən şəxs və ya başqa sözlə desək aralıq adamı hökümət tərəfindən xüsusi qorunma altına alınır. Ondan heç kim heç nə soruşa bilməz. Hara gedirsən, nə aparırsan deyəmməz. Bir sözlə məsələnin millətə heç bir dəxli yoxdur. Biz nə bilirik almaz- briliyant nə olan şeydi, necə emal-filan olunur hara daşınır. Bu işlə yüksək zümrə oturub-durur. Görünür loqistikada hansısa boşluq ya problem tapıblar tez-tələsik onu aradan qaldırırlar ki, işləri rəvan getsin. Özlərinələ elə qəşəng qanunlar düzüb-qoşub işlərini asanlaşdırırlar ki.