Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov devalvasiya gözləntiləri barədə danışıb. 

"Son 5 ildə devalvasiya ilə bağlı risklər görməmişik", deyən nazir xatırladıb ki, 2015-ci ildə Azərbaycanda devalvasiya yaşanıb: 

"O zaman baxsaq ki, Dövlət Neft Fondundan nə qədər pulumuz var idi və bu vəsaitdən nə qədər istifadə edirdik, bugünkü rəqəmlərlə müqayisə edilmir. Hazırda xərc siyasətimiz çox məsuliyyətlə həyata keçirilir”, M.Cabbarov vurğulayıb.

İqtisadçı Eldəniz Əmirov da bildirir ki, Mərkəzi Bank rəhbərinin çıxışları növbəti ildə manatın məzənnə sabitliyinin qorunacağını göstərir: “Deməli, qiymət sabitliyi və makroiqtisadi balansın təmin edilməsi prioritet olaraq qalır. Mətkəzi Bank rəhbəri xüsusi olaraq vurğulayıb ki, 2026-cı ildə pul siyasətinin əsas məqsədi inflyasiyanı hədəf diapazonunda saxlamaqdır. Pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək və məzənnə sabitliyi növbəti il də qiymət sabitliyinin əsası olacaq.

Vətəndaş üçün də ən həssas məsələ budur, yəni manatın dəyəri. Əməkhaqqı, pensiya, gündəlik gəlir və xərclər hamısı manatla formalaşır. İndiki şəraitdə manatın dollar qarşısında sabit saxlanılması həm inflyasiyanın nəzarətdə qalması, həm də insanların real gəlirlərinin qorunması üçün ən doğru yoldur. Bu yanaşmanın iqtisadi əsası varmı? Təqdim edilən proqnozlara görə var”.

İqtisadçının sözlərinə görə, 2026-cı ildə tədiyə balansının cari əməliyyatlar hesabında təxminən 3 milyard manat profisit gözlənilir. 

“Bu profisit, eyni zamanda, valyuta bazarında sabitliyi dəstəkləyən mühüm amillərdən biridir”, - o, əlavə edib.

E.Əmirov deyir ki, 2026-cı ilə dair mənzərə sabitdir. Onun sözlərinəgörə, Mərkəzi Bank üçün əsas prioritetlər yenə də qiymət sabitliyi, manatın dəyərinin qorunması və maliyyə sabitliyinin təmin edilməsidir. 

“Bu yanaşma həm bazarda inamı gücləndirir, həm də manatının alıcılıq qabiliyyətini müdafiə edir”, - o vurğulayıb.

Rasim

“AzPolitika.info”