ABŞ Prezidenti Donald Tramp 6 noyabrda Vaşinqtonda Mərkəzi Asiyanın beş ölkəsinin liderləri ilə sammit keçirib. Görüş zamanı ticarət, diplomatik münasibətlər və mineral resurslar sahəsində bir sıra mühüm saziş və razılaşmalar imzalanıb. Analitiklərin fikrincə, bu sammit ABŞ-nin regiondakı təsirini gücləndirməyə yönəlib.
Sammitdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın dövlət başçıları iştirak ediblər. “Azattyk Asia” nəşrinin məlumatına görə, ABŞ və Qazaxıstan dünyada ən iri işlənməmiş volfram yataqlarından birinin birgə istismarı barədə yeni tərəfdaşlıq elan ediblər.
Məlumata görə, Cove Kaz Capital Group adlı Amerika şirkəti Qazaxıstanın dövlət mədən sənayesi holdinqi ilə yaradılacaq birgə müəssisədə 70 faiz paya sahib olacaq. Razılaşmanın dəyəri 1,1 milyard dollar məbləğində qiymətləndirilir.
Sammitin digər nəticələri sırasında Qazaxıstan, Tacikistan və Özbəkistan milli aviaşirkətlərinə 37 ədəd “Boeing” təyyarəsinin satışı ilə bağlı ilkin razılaşma, həmçinin İlon Maskın “Starlink” peyk interneti xidmətlərinin “Veon” telekommunikasiya şəbəkəsinə inteqrasiyası barədə saziş də yer alıb. Bu inteqrasiya ilkin mərhələdə Qazaxıstandakı “Beeline” operatoru vasitəsilə həyata keçiriləcək.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Astanada və Vaşinqtonda mineral resurslar, energetika və nəqliyyat sahəsində ümumilikdə 17 milyard dollarlıq sazişlər imzalanıb. Tokayev həmçinin diplomatik sahədə Qazaxıstanın ABŞ-ın təşəbbüsü ilə yaradılmış “İbrahim sazişləri” prosesinə qoşulmağa hazır olduğunu qeyd edib.
ABŞ rəsmiləri bəyan ediblər ki, bu sammit Mərkəzi Asiya ilə daha fəal əməkdaşlığa sadiqliyi nümayiş etdirmək məqsədi daşıyır.
Tramp Özbəkistan prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını bildirib və ABŞ-ın bu ölkə ilə uzun və məhsuldar əlaqələrə sadiq olduğuna əmin edib: "Birləşmiş Ştatlar və Özbəkistan arasında inanılmaz ticarət və iqtisadi sazişi elan etməkdən məmnunam. Növbəti üç il ərzində Özbəkistan Amerikanın əsas sənaye sahələrinə, o cümlədən əsas faydalı qazıntılar, aviasiya, avtomobil hissələri istehsalı, infrastruktur, kənd təsərrüfatı, enerji, kimya, informasiya texnologiyaları və digər sahələrə təxminən 35 milyard dollar, növbəti on il ərzində isə 100 milyard dollardan çox sərmayə qoyacaq".
ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, ABŞ xüsusilə nadir torpaq elementlərinin və strateji mineralların hasilatı sahəsində əməkdaşlıqda maraqlıdır.
Vaşinqton həmçinin regiondakı uran, mis, qızıl və digər mühüm resurs yataqlarına da maraq göstərir. Bu mineralların hasilatı qlobal səviyyədə yaşıl enerji keçidi səyləri üçün həyati əhəmiyyət daşıyır.
Ekspertlərin fikrincə, Mərkəzi Asiya ölkələri hazırda Çin və Rusiyanın iqtisadi və təhlükəsizlik sahəsindəki dominant təsirini balanslaşdırmaq məqsədilə ABŞ-la əlaqələri dərinləşdirməyə çalışır.
Rasim
“AzPolitika.info”

Şərhlər