Elçin RÜSTƏMLİ

Bu gün Zəfərin 5-ci ildönümüdür, yubileyidir. Azərbaycan xalqı və dövləti üçün Böyük Gündür. Həmin gün Mingəçevirdə əziz dostumuzun atasını dəfn edirdik. Şuşanın işğaldan azad olunması xəbərini də orada eşitdik. Atasının cənazəsini çiynində aparan oğulun gözlərindən həm də sevinc yaşları axırdı...

30 ilə yaxın davam etmiş, Rusiya və güclü erməni lobbisinin, eləcə də onun təsiri altında olan dövlətlərin dəstəklədiyi işğalı sonlandırmaq, torpaqları azad edib dövlətin ərazi bütövlüyünü və suverenliyini bərpa etmək çox çətin missiya idi. Azərbaycan dövləti və xalqı bu missiyanı şərəflə yerinə yetirən nadir ölkələrdəndir.

İşğal dövrü Azərbaycana saysız-hesabsız zərbələr vurub: ölkənin bir hissəsi dağıdılıb, yüz milyardlarla ziyan dəyib, yüz minlərlə insan ev-eşiyindən, normal həyatından məhrum edilib, qaçqın və köçkün kimi ağır məhrumiyyətlər yaşayıb. Bir çox vətəndaşlarımızın ömrü yarıda qırılıb. Müharibə 30 minə yaxın həmvətənimizin həlak olmasına səbəb olub, yüz minə yaxın insan isə bədənində düşmən gülləsinin və mərmi qəlpələrinin izlərini daşıyır.

İşğal dövrü Azərbaycanı həm də siyasi inkişafdan saxlayıb, hələ də aşa bilmədiyimiz problemlərin yaranmasına və dərinləşməsinə gətirib çıxarıb. Qızıl dövrün siyasi, maddi və digər imkanları rifaha deyil, işğalın fəsadlarını aradan qaldırmağa yönəlib. Azərbaycanın neftdən qazandığı azı 100 milyard dollar buna xərclənib, bir hissəsi isə təəssüf ki, korrupsiyanın qurbanına çevrilib.

Ağır işğal dövrü Azərbaycan xalqına ciddi yaralar vursa da, onu əsas missiyasından uzaqlaşdıra bilməyib. Bir nömrəli məsələ torpaqları azad edib ərazi bütövlüyü və suverenliyi bərpa etmək olub.

2020-ci ildə bu missiya şərəflə yerinə yetirildi, 2023-cü ildə isə Qarabağda antiterror əməliyyatı ilə tam sonlandırıldı. Qısa müddətdə və az itkilərlə qazanılan bu qələbənin əsas səbəbi xalqın və dövlətin bir yumruq kimi birləşməsi, bütün imkanların səfərbər olunması idi. Xalq qələbə üçün hər şeyini ortaya qoydu: övladlarını, maddi imkanlarını, mənəvi dəstəyini. Dövlət də bütün resurslarını səfərbər etdi – hərbi, siyasi gücünü, xalqın və müttəfiqlərin dəstəyini. Proses çox yaxşı idarə olundu, Azərbaycan təkcə Ermənistana deyil, onu himayə edən böyük qüvvələrə də qalib gəldi.

Bu qalibiyyət dövlət və xalq olaraq bizə çox böyük nailiyyətlər bəxş edib. Bunu hər kəs hiss edə və görə bilir. Daha dərindən hiss etmək üçün işğaldan azad olunmuş ərazilərə, Şuşaya və Xankəndinə getmək lazımdır. Orada işğalın bizdən nələri apardığını, qələbə ilə nələri geri qaytardığımızı gözlə görmək mümkündür.

Qələbə Azərbaycana regionda və dünyada böyük dividendlər gətirib, onun geosiyasi əhəmiyyətini xeyli artırıb. Azərbaycan artıq kiçik postsovet ölkəsi deyil, bölgənin hesablaşılan dövlətidir. Bunu İran, Rusiya və Fransa ilə qarşıdurmalarda geri çəkilməməklə, işğalla üzləşən Ukraynanın Azərbaycana rəğbətindən, ABŞ və Avropa ilə artan təmaslardan, Yaxın Şərq proseslərində iştirakından, düşmənçilik içində olan Türkiyə və İsraillə müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini qorumaq bacarığından görürük.

Ölkə xaricinə çıxan azərbaycanlılar da bu qələbənin gətirdiyi gücü və mənəvi rahatlığı daha dərindən hiss edirlər. Bizə münasibət müsbət mənada çox dəyişib...

Zəfərdən ötən 5 il çox sürətlə keçdi. Doğrudan da zaman sanki sürətlənib, texnoloji inkişaf zaman axınını dəyişib. Bu 5 ili xalqımız həm də gözləntilərlə keçirib. Çünki ölkədə xalqı əzən, məhrumiyyətlərə düçar edən çox ciddi problemlər qalmaqdadır. Onların da üzərində zəfər çalmaq lazımdır. Azərbaycanlılar rifah və ləyaqətli həyat istəyirlər. Bunu təmin etmək geopolitik şəraitdən və xarici düşmənlərin müqavimətindən asılı deyil - bu, özümüzdən asılıdır. Hər şey var, hər şey əlimizin altındadır, sadəcə istək lazımdır. Ölkənin bütün sahələrində hərtərəfli islahatlar keçirilməli, milli həmrəylik təmin olunmalıdır.

Zəfər böyük nemətdir, çox böyük fürsətlər açır. Onu düzgün dəyərləndirmək lazımdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, veteranlarımızın üzü gülsün.

Zəfərdə əməyi olan hər kəsə böyük sayğılarla!

Bayramınız mübarək!