Ukrayna Silahli Qüvvələri bu gün günorta saatlarında Rostov vilayətindəki Novoşaxtinsk şəhərinə raket zərbəsi endirib. 

“AzPolitika” xəbər verir ki, qubernator Yuri Slyusarın Rusiya mediasına verdiyi məlumata görə, şəhərdə partlayışlar baş verib ilkin məlumatlara görə, insan itkisi yoxdur.

Lakin zərbə nəticəsində Rusiyanın ən böyük neft email zavodlarından olan və ildə 7,5 milyon tona qədər neft istehsal etmək gücünə malik Novoşaxtinsk Neft Emalı Zavodunda partlayış və yanğın qeydə alınıb.

Zavod dizel və benzin istehsalında ixtisaslaşıb. Zərbə böyük yanğına səbəb olub və böyük tüstü buludu yaradıb. Zavod ərazisində 10-a yaxın partlayış qeydə alınıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Novoşaxtinsk Neft Emalı Zavodunun vurulmasını təsdiqləyib. Ukrayna hərbçilərinin məlumatına görə, hücum "Storm Shadow" qanadlı raketləri ilə həyata keçirilib. Rusiyanın "Voenkor Kotenok" “Z-kanalı” da Ukraynanın Novoşaxtinsk neft emalı zavoduna "Storm Shadow" (SCALP-EG) raketləri ilə zərbə endirildiyini bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, bu müəssisə işğalçı orduya dizel yanacağı və aviasiya kerosini verir. Zavodun çənlərinin ümumi tutumu 210.000 kubmetrdən çoxdur.

Novoşaxtinsk Neft Emalı Zavoduna əvvəlki böyük zərbə 21 avqustda baş verib. Hücum nəticəsində zavodda bir neçə gün yanğını söndürmək mümkün olmamışdı.

“AzPolitika.info”