İranı bürüyən iqtisadi və siyasi etirazlar dalğası yanvarın 9-da yeni bir mərhələyə qədəm qoyub. Paytaxt Tehran və digər mərkəzi şəhərlərdə toqquşmaların şiddətləndiyi bir vaxtda, Cənubi Azərbaycanın paytaxtı Təbrizdə fərqli və daha dərin bir taktika müşahidə olunur.
“AzPolitika” beynəlxalq mənbələrə və milli fəalların bəyanatlarına istinadən xəbər verir ki, Güney Azərbaycanda etirazlar artıq "kortəbii aksiya" səviyyəsindən çıxaraq mütəşəkkil hərəkata çevrilir.
Dünən axşam saatlarından etibarən Təbrizin tarixi qapalı bazarı və ətraf ticarət mərkəzləri etirazlara dəstək məqsədilə fəaliyyətini dayandırıb. Bu, rejimin iqtisadi sütunlarına vurulan zərbə hesab olunur. Cənubi Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası bəyanat yayaraq yanvarın 10-u üçün Təbriz, Urmu, Ərdəbil və Zəncan başda olmaqla bütün böyük şəhərlərdə mərkəzi meydanlara çıxmaq çağırışı edib.
İrandakı ümumi etirazlardan fərqli olaraq, Güney Azərbaycan fəalları bu dəfə daha ehtiyatlı və strateji davranırlar. Milli hərəkat nümayəndələrinin bildirdiyinə görə, keçmiş etirazlar (2006, 2019, 2022) göstərdi ki, azərbaycanlılar ən ağır bədəli ödəsələr də, sonda yaranan siyasi boşluqdan fars mərkəzli müxalifət və ya monarxist qruplar yararlanmağa çalışır.
Milli fəalların əsas prinsipləri:
Aksiyalarda yalnız iqtisadi deyil, həm də milli hüquqlar və ana dili ilə bağlı tələblər ön plana çıxarılır;
"İran xalqı" ifadəsi əvəzinə, hər bir millətin öz müqəddəratını təyin etməsi ideyası qabardılır;
Küçə toqquşmalarından çox, "mülki itaətsizlik" və tətillərə üstünlük verilir.
Pezeşkianın çətin imtahanı
Əslən azərbaycanlı olan Prezident Məsud Pezeşkianın mövqeyi isə ən çox müzakirə edilən mövzudur. O, konstitusion etiraz hüququnu tanıdığını desə də, real hakimiyyətin SEPAH-ın əlində olması onun manevr imkanlarını məhdudlaşdırır. Təbrizlilər arasında Pezeşkiana olan etimadın "qırılma nöqtəsi"nə çatdığı, xalqın artıq "islahat" deyil, köklü dəyişiklik tələb etdiyi bildirilir.
Siyasi ekspertlərin fikrincə, İran rejimi üçün ən böyük qorxu məhz Güney Azərbaycanın tam gücü ilə prosesə qoşulmasıdır. Çünki ölkənin həm iqtisadi (bazar), həm də coğrafi (Türkiyə və Azərbaycanla sərhəd) baxımdan ən strateji bölgəsi olan Cənubi Azərbaycanın "ayağa qalxması" teokratik sistemin sonu demək ola bilər.
Hazırda Təbrizdə bir növ "fırtına öncəsi səssizlik" hökm sürür. Milli fəallar "uyğun zaman"ın gəldiyini və bu dəfə milli haqların təminatı olmadan meydanlardan çəkilməyəcəklərini bəyan edirlər.
Rasim Əliyev
AzPolitika.info

Şərhlər
İranda pəhləvilər hakimiyətə gələn kimi,bizim saxta taxta biti millətçilər deyəcəklər bizə yuxuda nurani bir nənəcik dediki,sizin kökünüz pəhləvilətrə arada bir yəhudilərə aiddir,bundan sonrada işimiz varda başlayacaqlar böyük iran- izrail təbliğatına hələ bəziləri qabağa gedib köklərini anqlosakslardan olduğlarını bu yazığ millətə subut etməyə çalışacaqlar.
Son günler İranda xalqın rejimə qarşı etirazları 10 günden çoxdur davam edir və getdikcə etirazlar bütün ölkəni sarır. Belə bir vəziyyət də İran Prezidenti Məsud Pezeşkian "Zorakılıq və məcburetmə üsullarından imtina etmək vacibdir. Ən yüksək səviyyədə təmkin nümayiş etdirilməli, dialoq yolu ilə dinc əlaqə qurulmalı və İran xalqının haqlı tələbləri nəzərə alınmalıdır" deyə yetgililere müraciət edir.
Etirazlar başlayandan belə fikirləri Pezeşkiyan bir neçə dəfə səsləndirib. Hətda bir dəfə də deyib ki, xalqın sosial tələblərini indiki beynəlxalq sanksiyaların sürdüyü bir vaxtda həll etmək mümkünsüzdür. İndi də deyir xalqın haqlı tələbləri nəzərə alınmalıdır. Kimə deyir bunları, təbii ki həm də özünə. Çünki, özü də rejimin ikinci adamıdır ya. Düzdür insan kimi yaxşı insandır. Cəsurdur, qorxmazdır, humanistdir və ən əsası da milli kimliyini İran kimi bir ölkədə çəkinmədən hər dəqiqə gözə soxan bir şıxsdir. Amma Rejimin ikinci adamıdır və nə yazıq ki, xalqın haqlı tələblərini həyata keçirəcək nə gücdədir, nə də səlahiyyətdədir. Ona görə də vəziyyəti nəzərə alıb, ən pis halda Pezeşkiyan istrfa verib xalqın haqlı tələblərində onun yanında olmalıdır. Başında demirəm, çünki Pezeşkiyan rejimin şilnelinden çıxıb, xalqın yox.
İnşallah İran xalqı nəhayyət də öz məqsədinə çatıb, indiki şər və şeytan rejimdən qurtulub, özlərinə sivil və dünyəvi bir dövlət qurqarlar.