Azərbaycan Mərkəzi Bankının məcmu kapital tələbi ilə bağlı problemi olan “Kövsərbank” səhmlərinin 76 faizini kənar investora satıb. Bu barədə bankın İdarə Heyətinin sədri Hidayət İbrahimov məlumat verib.
Onun sözlərinə görə, səhmləri alan ölkədaxili investordur: “Kommersiya sirri olduğundan investorun kimliyini açıqlamırıq. Yalnız onu deyə bilərəm ki, xaricdən investor cəlb etməmişik və bankın əsas səhmdarı dəyişir”.
“Unikal”ın araşdırması nəticəsində məlum olub ki, dekabrın 25-də Bakı Fond Birjasında “Kövsərbank”ın 38 milyon manatlıq səhmləri yerləşdirilib. Elə dekabrın 25-də də başa çatacaq emissiya nəticəsində bankın nizamnamə kapitalı 12 milyon manatdan 50 milyon manata, məcmu kapitalı isə 12,5 milyon manatdan 50,5 milyon manata çatmalı idi.
Gözləntilər özünü doğruldub və “Kövsərbank”ın günün ikinci yarısında satıldığı rəsmən açıqlanıb.
Xatırladaq ki, hələ bir ay öncə Hidayət Ibrahimov bildirmişdi ki, bankın səhmlərinin kənar səhmdarlara satılması ilə bağlı danışıqlar aparılır: “Danışıqlar həm yerli banklarla, həm də xarici səhmdarlarla aparılır”. Görünən odur ki, bu danışıqlar uğurla başa çatıb və “Kövsərbank” faktiki olaraq, “əl dəyişdirib”.

Amma 2013-cü ilin aprelində bank səhmdarının müraciəti əsasında Bakı Apelyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati Iqtisad Məhkəməsinin “Kövsər Bank” ASC-nin müflisləşməsi haqqında qətnaməsinin ləğv edilməsinə dair qərar çıxarıb. “Kövsərbank” Islam bankçılığı prinsipləri əsasında fəaliyyət göstərmək, əmanət qəbul edilməsini və kredit ayrılmasını investisiya qoyuluşu kimi həyata keçirmək niyyətindədir.

"Azadlıq" qəzetinin məlumatına görə, Hidayət Ibrahimov bankı çətin vəziyyətdən xilas etmək üçün uzun müddət ciddi səylər göstərib. Amma onun nüfuzlu millət vəkillərindən birinin yaxını olması faktı da “Kövsərbank” rəhbərinə kömək etməyib. Sonda Hidayət Ibrahimov bankını satmaq məcburiyyətində qalıb.
QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

Şərhlər