Yanvarın 13-ü gündüzdən 14-ü axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Qobustan, Xızı, Qusar, Mingəçevir, Yevlax, Tərtər, Neftçala, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
***
Azərbaycanda yanvarın 13-ü axşamdan 14-ü axşamadək qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 14-ü axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, 13-dən 14-nə keçən gecə və 14-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında yanvarın 13-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Şərhlər