ABŞ Prezidenti Donald Tramp İranla biznes əlaqələri olan ölkələrə qarşı 25 faizlik gömrük rüsumu tətbiq edildiyini açıqlayıb. O, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp bildirib ki, bu gündən etibarən İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ-la həyata keçirdiyi bütün kommersiya əməliyyatları üzrə 25 faiz rüsum ödəyəcək.
“Bu qərar yekundur və icrası məcburidir”, – deyə ABŞ Prezidenti vurğulayıb.
“Bloomberg” agentliyinin məlumatına görə, bu addım ABŞ-nin qlobal ticarət əlaqələrinə ciddi təsir göstərə bilər. Çünki İranın ticarət tərəfdaşları sırasında təkcə qonşu ölkələr deyil, eyni zamanda Hindistan, Türkiyə və Çin də yer alır. Azərbaycan da İranla 636 milyon dollarlıq ticarət dövriyyəsinə malikdir.
Qeyd olunur ki, dünyada İran neftinin ən böyük alıcısı Çindir. Son bir ay ərzində Çindəki müstəqil neft emalı zavodları İrandan neft idxalını artırıblar. Çin məhsullarına 25 faizlik əlavə rüsum tətbiqi isə Trampın 2025-ci ilin sonlarında Çin lideri Si Cinpinlə əldə etdiyi ticarət atəşkəsini təhlükə altına qoya bilər.
Xatırladaq ki, Tramp daha əvvəl İran rəhbərliyinin ABŞ ilə danışıqlara hazır olduğunu bildirmişdi. Bununla yanaşı, o, görüşlər baş tutmazsa, Vaşinqtonun “hərəkətə keçə biləcəyini” də istisna etməmişdi. CNN-in ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Ağ Evdə həm hərbi, həm də qeyri-hərbi ssenarilər müzakirə olunur. Tramp hesab edir ki, birbaşa hərbi zərbələr İran cəmiyyətini ABŞ-a qarşı birləşdirə bilər.
Qeyri-hərbi variantlar arasında yeni sanksiyaların tətbiqi, İranın hərbi və dövlət infrastrukturuna kiberhücumlar, eləcə də etirazçılara “Starlink” vasitəsilə internet təmin edilməsi müzakirə olunur.
Rasim Əliyev
"AzPolitika.info"


Şərhlər