Menu

İsa Qəmbər müsavatçıların yarısını hökumətə işləməkdə suçladı

27.12.2014, 13:44
İsa Qəmbər müsavatçıların yarısını hökumətə işləməkdə suçladı

“Qurultay yenidən keçirilsə, nə baş verəcək? Kimsə hesab edir ki, qurultayı hakimiyyətin köməyi ilə yenidən keçirməyə cəhd etsə, nəsə əldə edəcək? Bunlar xam xəyallardır. Hakimiyyətlə birləşib partiyaya zərbə vuran şəxsləri necə qiymətləndirək? Heç kim düşünməsin ki, çirkin maraqlarını bəzəməklə mahiyyətini gizlədəcək. 3-5 nəfər hakimiyyətin oyununda iştirak edən müsavatçı var və onlar da özlərini ifşa ediblər. Hər kəs özü üçün nəticə çıxarsın”.

Bu sözləri Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər partiya Məclisinin növbədənkənar iclasında çıxışı zamanı deyib.

İ.Qəmbər çıxışında bildirib ki, bu ilin ən önəmli hadisələrindən biri Müsavat Partiyasının VIII qurultayıdır. O, qurultayla bağlı iradları böhtan adlandırıb: “Bu qurultay demokratiya baxımından tarixi əhəmiyyət daşıyır. Bunun qarşısını nə hakimiyyət, nə həmkarlarımız, nə də bəzi partiyadaşlarımızın yersiz yanaşmaları ala bilər. Qurultayla bağlı iradlar səslənir və bəzən bu, böhtan və ağ yalan olur. Azərbaycanda faktiki olaraq Müsavatdan başqa gizli səsvermə ilə seçki keçirən partiya yoxdur. Biz partiyanı keçmişə yox, gələcəyə yönləndirməliyik. Qurultaya, seçkilərə iradları olan şəxslər bunları gələcək kontekstində dəyərləndirilməlidir. Ola bilər ki, kimsə hakimiyyətin köməyi ilə partiyanı bir neçə ay keçmişə aparmağa cəhd etsin. Ancaq buna nail olmayacaq” (APA).

Virtualaz.org saytı xatırladır ki, Müsavatın VIII qurultayında Arif Hacılı Müsavatın yeni başqanı seçilib. Qubad İbadoğlu ondan bir qədər az səs toplayıb. A.Hacılının başqan olması partiyanı faktiki olaraq iki yerə parçalayıb. Q.İbadoğlunun tərəfdarları A.Hacılının başqanlığını qəbul etməyərək əslində müxalifətə keçiblər. Partiyadan istefalar, qovulanlar və küsənlər olub.

Partiyada yüzlərlə tərəfdarı olan Q.İbadoğlu başqan seçkilərinin saxtalaşdırıldığını bəyan edərək yeni seçki keçirilməsini tələb edir. İ.Qəmbər "hökumətə işləyənlər" deyəndə həmin narazıları nəzərdə tutur. Onlar isə az deyil - Müsavat üzvlərinin təxminən yarısı qədərdir. Bunun sübutu toplanan səslərin sayıdır. Dediyimiz kimi, qurultaydakı səsvermə zamanı A.Hacılı ilə Q.İbadoğlu təxminən eyni qədər səs toplamışdı...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol