Menu

BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi azalıb – Səbəblər açıqlandı

20.01.2026, 11:50
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi azalıb – Səbəblər açıqlandı

“"KazTransOil" ASC-nin açıqlamasına görə, 2025-ci ildə Aktau limanında tankerlərə neftin yüklənməsi 3 milyon 226 min ton təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 4% azdır. Bununla yanaşı, Bakı istiqamətində neftin daşınması 11% azalaraq 1 milyon 263 min tona düşüb”.

“AzPolitika” bildirir ki, bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban sosial şəbəkə hesabında yazıb.

Ekspert xatırladır ki, Qazaxıstan tərəfi bu il üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,7 mln ton neft nəql etməyi planlaşdırmışdı: “Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, ötən il Bakı-Tbilisi-Ceyhan kəməri ilə tranzit neft daşımalarının (Türkmənistan və Qazaxıstan qeyd edilib) həcmi 4 milyon 122,3 min ton təşkil edib ki, bu da 2024-cü ilin göstəricisindən 22,2% aşağıdır. Xatırladım ki, Azərbaycanın əsas ixrac neft kəməri ilə tranzit neft daşlmaları 2010-cu ilin iyul ayından etibarən müntəzəm şəkildə həyata keçirilir. Son 15 ildə BTC ilə tranzit neft daşımalarının ən yüksək göstəricisi 2018-ci ildə qeydə alınıb - 6 mln. tondan çox. Amma bir məsələ var ki, o zaman BTC ilə Türkmənistan, Qazaxıstandan əlavə Rusiya nefti də daşınırdı”.

İ.Şabanın sözlərinə görə, Rusiya xam neftinə qarşı Avropa İttifaqının sanksiyaları qüvvəyə mindikdən sonra, BTC Co şirkəti rəsmən 5 dekabr 2022-ci il tarixdən Rusiyanın tranzit neft daşımalarını dayandırdığını elan etmişdi: “Maraqlıdır ki, ötən ilin iyun-iyul aylarında BTC ilə nəql edilən neftin çirklənməsinə dair Qərb mediasında xəbərlər çıxandan sonra Ceyhanda yüklənən neft partiyasında Rusiya izi ortaya çıxmışdı və sentyabrda Adnan Əhmədzadə həbs ediləndə artıq yerli media onu məhz Rusiya neftini qeyri-qanuni daşımaqla Azərbaycanın dövlət maraqlarına zərbə vurduğunu qeyd etmişdilər”.

İqtisadçı vurğulayır ki, rəsmi açıqlanan statistikanı təhlil etdikdə görünür ki, ötən il BTC ilə tranzit neft nəqlinin 1 mln. 176,1 min ton azalması Azərbaycanın əsas ixrac kəməri ilə Xəzərin o tayından daşımaların hesabına baş verib. Burada isə azlamanın əsas hissəsi Türkmənistanın hesabına olub.

“Çünki Qazaxıstan neftinin tranzit həcmləri ötən il cəmi 100 min ton azalıb. Mühasibat-uçot sənədlərinə görə, yerdə qalan milyon ton həcm Türkmənistandan gələn neftin azalması hesabınadır”, - İlham Şaban qeyd edib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol