İcra hakimiyyətləri yerli idarəetmədə qərarların hazırlanması və icrası baxımından əsas funksional yükü daşıyan strukturlardır. Bu qurumlarda konkret vəzifələr icra edən şəxsin olmaması bütövlükdə idarəetmə mexanizminin gündəlik fəaliyyətinə təsir edir. Çünki icra hakimiyyətində hər vəzifə müəyyən sahəyə cavabdehdir və bu sahələr bir-biri ilə sıx bağlı şəkildə işləməlidir.
Müvafiq vəzifələr vakant qaldıqda iş bölgüsü pozulur, funksiyalar ya icra olunmur, ya da müvəqqəti olaraq başqa əməkdaşların üzərinə yüklənir. Bu isə qərarların hazırlanmasında səthiliyə və icra prosesində ləngimələrə gətirib çıxarır. Xüsusilə sosial, torpaq, məşğulluq və inzibati məsələlərdə gecikmələr və keyfiyyət itkisi yaranır ki, bunun birbaşa təsirini vətəndaş gündəlik təmasda hiss edir.
Modern.az ölkə üzrə vəzifələrin ən çox boş qaldığı icra hakimiyyətini araşdırıb. Məlum olub ki, hazırda bu göstərici üzrə Balakən Rayon İcra Hakimiyyəti öndədir. Belə ki, qurumda 10 vakant vəzifə mövcuddur.
Balakən Rayon İcra Hakimiyyətində hazırda bir sıra mühüm vəzifələr öz sahibi axtarır. Vakant yerlər əsasən idarəetmənin koordinasiya və icra yükünü daşıyan struktur bölmələrini əhatə edir.
Belə ki, Rayon İcra Hakimiyyətinin birinci müavini, eyni zamanda başçının köməkçisi və ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri - başçısın köməkçisi vəzifələri vakantdır. Həmin şöbədə şöbə müdirinin müavini - sektor müdiri vəzifəsi də boşdur.
Bundan əlavə, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru üzrə sektor müdiri vəzifəsinə də təyinat yoxdur.
Memarlıq-tikinti məsələləri sektorunda mövcud olan üç ştat vahidindən ikisi vakantdır. Buraya şöbə müdirinin müavini - sektor müdiri (baş memar) və aparıcı məsləhətçi vəzifələri daxildir.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunda isə sektor müdiri vəzifəsi boşdur.
Eyni zamanda İnzibati işlər sektoru üzrə sektor müdiri baş mühasib vəzifəsi, eləcə də Hüquq və kadr məsələləri sektorunda sektor müdiri vəzifəsi vakant olaraq qalır.
Qeyd olunan vəzifələrin əksəriyyətinin idarəetmə, koordinasiya və nəzarət funksiyası daşıması kadr çatışmazlığının icra hakimiyyətinin ümumi fəaliyyətinə təsir dairəsini daha da genişləndirir.

Şərhlər
Bu ölkədə inkişafa ən böyük maneə, iqtisadiyyatı dağıdan, insanları hakimiyyətdən narazı salan, düzəlməsi mümkün olmayan dövlətin də, xalqın da mədəsində qarayara kimi oturuşmuş İcra hakimiyyətləridir. İstəyir bunların 99 faizini həbs etsinlər heç 5ay keçməmiş köhnə hamam köhnə tas-yenə davam edəcəklər. Çünki bunlar 20 il iş verilsə də izahı 3-5 yatıb çıxacaqlarlnı bilirlər. Amma bir vəzifə ilə bütün nəsil nəcabətini təmin edə bilib tisq edirlər...
Sizi əmin edirəm ki, əgər 5-6 ay bu volant vəzifələr boş qalarsa rayonda işlər həqiqətən əvvəlkinə nisbətən daha yaxşı gedəcək. İcra hakimiyyəti rayonlarda hər bir işə bir badalaqdlrlar (подножка). Kimsə bir iş görmək istəsə onlara mane olmağa, təşəbbüsləri boğmağa, rüşvət və korrupsiyanı inkişaf etdirməyə İcra hakimiyyətləri olan yerdə düşmən lazım deyil.
Şəki İcra Hakimiyyəti və Şəki şəhər Bələdiyyəsi "Qocalar evi"ni xatırladır ! Cavanlarımız isə işsizlik həyatı yaşayırlar!