ABŞ etirazların yatırılmasında və etirazçıların öldürülməsində iştirak edən yüksək vəzifəli İran rəsmiləri və komandirlərinə qarşı "nöqtə zərbələri" endirməyi nəzərdən keçirir.
“AzPolitika” xəbər verir ki, bu barədə Qərb mediası müxtəlif mənbələrə istinadla məlumat yayıb.
“Middle East Eye” nəşri Fars körfəzi ölkələrindəki mənbələrə istinadla yazıb ki, planlar dəyişməz qalarsa, zərbələr bu həftənin sonuna qədər həyata keçirilə bilər.
Anonimlik şərti ilə danışan keçmiş ABŞ kəşfiyyat rəsmisi nəşrə bildirib ki, Donald Tramp İranda rejim dəyişikliyi ideyasından əl çəkməyib. O, bu nəticəyə ABŞ administrasiyasının rəsmiləri ilə söhbətlərdən sonra gəlib. Bundan əlavə, “Middle East Eye”-nin mənbəyinə görə, Vaşinqton sonrakı zərbələrdə istifadə edilə biləcək raketlərin tədarükünü artırıb.
Dekabrın sonlarında iqtisadi problemlər səbəbindən İranda başlayan kütləvi etirazlar fonunda ABŞ Yaxın Şərqə təyyarədaşıyan “USS Abraham Lincoln”-un rəhbərlik etdiyi döyüş qrupunu, eləcə də “Patriot” və “Terminal High Altitude Area Defense” (THAAD) raketdən müdafiə sistemlərini yerləşdirib. Eyni zamanda, Tramp etirazların qəddarcasına yatırılması səbəbindən Tehranı "əvvəllər görünməmiş" zərbələrlə hədələyib.
Daha sonra Ağ Ev rəhbəri bildirib ki, ölkə hakimiyyəti yüzlərlə etirazçının edamını ləğv etdiyindən, hələlik İrana hücum etməməyə "özünü inandırıb". 26 yanvarda "Axios"a verdiyi müsahibədə o, İranla bağlı vəziyyətin "dəyişkən" olduğunu və Tehranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini qeyd edib. Nəşrin ABŞ administrasiyasındakı mənbələri qeyd edib ki, İslam Respublikası ilə hər hansı bir razılaşmaya zənginləşdirilmiş uranın ölkədən çıxarılması, onun zənginləşdirilməsinə qadağa qoyulması, uzunmənzilli raket ehtiyatlarına məhdudiyyət qoyulması və regional proksi qrupların dəstəklənməməsi daxil olmalıdır.
Xatırladaq ki, İran hakimiyyəti ölkədəki kütləvi etirazları sərt şəkildə yatırıb. İran Səhiyyə Nazirliyinin iki yüksək vəzifəli məmuru "Time" jurnalına bildirib ki, təkcə 8 və 9 yanvar tarixlərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar 30 minə qədər insanın ölümünə səbəb olub. Onlar bildiriblər ki, ölənlərin sayı o qədər çox olub ki, təcili yardım xidmətlərində cəsəd torbaları çatışmırdı və təcili yardım maşınları əvəzinə traktor qoşqularından istifadə etmək lazım gəlib.
İran hakimiyyətinin 23 yanvarda açıqladığı rəsmi rəqəmlərə görə isə ölkədə iğtişaşlar zamanı 3117 nəfər ölüb.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər