Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev yeni sərəncamlar imzalayıb.

“AzPolitika” xəbər verir ki, yeni müavinlər, Seymur Səfərli və Zaur Əliyevdir.

Qeyd edək ki, Seymur Ağamməd oğlu Səfərli bakalavr və magistr təhsilini Azərbaycan İnşaat Mühəndisləri Universitetində meliorasiya mühəndis sistemlərinin tikintisi ixtisası üzrə alıb, 2007-ci ildən aqrar elmlər üzrə fəlsəfə doktorudur.

O, uzun illər kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik, suvarma və meliorasiya istiqamətləri üzrə fəaliyyət göstərib, əmək fəaliyyəti dövründə dövlət qurumlarında və aqrar sahədə müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən "Azərşəkər" MMC-də kənd təsərrüfatı üzrə rəhbər, kənd təsərrüfatı üzrə direktor və əməliyyatlar departamentinin rəhbəri vəzifələrini icra edib, bu təyinata qədər nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

Onu da qeyd edək ki, Seymur Səfərlinin qardaşı Gündüz Səfərli Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantıdır. Gündüz Səfərli aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində iştirak edib.Döyüş əməliyyatlarında göstərdiyi şücaətə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. 

Zaur Əliyev isə bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə alıb, həmçinin Almaniyanın Vaynştefan Tətbiqi Elmlər Universitetində Biznesin təşkili və idarə edilməsi (kənd təsərrüfatı üzrə) ixtisası üzrə magistr təhsili alıb.

O, əmək fəaliyyəti dövründə beynəlxalq və yerli layihələrdə iştirak edərək kənd təsərrüfatı sahəsində layihələrin icrası və koordinasiyası üzrə praktiki təcrübə qazanıb, dövlət qurumlarında və özəl sektorda rəhbər vəzifələrdə çalışmış, o cümlədən "Yalama Aqropark" MMC-də direktor, habelə "Garant Holding"də kənd təsərrüfatı layihələri üzrə menecer vəzifələrində fəaliyyət göstərib.

İngilis, alman və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

Əvəzində nazirin digər müavini - Sarvan Cəfərov vəzifəsindən azad edilib.