Ukrayna ABŞ ilə 20 bəndlik ikitərəfli sülh planını imzalamağa hazırlaşır, ABŞ isə Rusiya ilə ayrıca sənəd bağlayacaq.

“AzPolitika” bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Naziri Andriy Sibiqa “Yevropeyskaya Pravda”ya açıqlama verib.

Nazir bildirib ki, söhbət konkret olaraq Ukrayna və ABŞ arasında imzalanacaq 20-bəndlik plandan gedir.

“Rusiya ilə sənədi ABŞ imzalamalıdır. Hazırda məhz bu model müzakirə olunur, lakin danışıqlar davam edir, bu, bir prosesdir”, – deyə o,əlavə edib.

Sibiqanın sözlərinə görə, sənəddə Avropa İttifaqının imzası olmayacaq, lakin Avropa Ukraynanın yanında durur və sülh prosesində, təhlükəsizlik zəmanətləri üzrə razılaşmalarda iştirak edir. Nazir gələcək razılaşmaların vacib elementləri kimi Ukraynada xarici qoşunların mövcudluğu və “qabaqlayıcı paket” məsələsini qeyd edib.

O həmçinin vurğulayıb ki, Prezident Volodimir Zelenski ərazi məsələlərinin və Zaporojye AES-ə nəzarətin həlli üçün Rusiya Prezidenti Vladimir Putin ilə görüşməyə hazırdır.

Yanvarın 23 və 24-də Ukrayna, ABŞ və Rusiya nümayəndələri Əbu-Dabidə görüşüb. Zelenski ölkəsinin nümayəndə heyətinin hesabatını qəbul etdikdən sonra yeni görüşlərin keçiriləcəyini açıqlayıb. Media yazır ki, Rusiya ordusunun Ukraynada irəliləmə tempi ötən ilin mart ayındakı həddə enib, bu isə Kremli sülh danışıqlarında üstünlükdən məhrum edə bilər.

“AzPolitika.info”