Bu gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son – 8-ci turu çərçivəsində “Qarabağ” səfərdə Avropanın nəhəng klublarından biri olan “Liverpul”la qarşılaşacaq. 

“Enfild” stadionunda oynanılacaq bu matç həm turnir cədvəli, həm də psixoloji baxımdan hər iki komanda üçün həlledici əhəmiyyət daşıyır.

Belə ki, “Liverpul” hazırda 15 xalla 4-cü pillədə qərarlaşıb və birbaşa 1/8 finala yüksəlmək üçün bu oyunda qələbəyə ehtiyac duyur. Heç-heçə belə ingilisləri risk altına sala bilər. Bu isə o deməkdir ki, meydan sahibləri oyuna maksimal konsentrasiya və ciddi hücum niyyəti ilə çıxacaq. “Qarabağ” isə 10 xalla 18-ci yerdədir və pley-off mərhələsinə yüksəlmək üçün 1 xal belə yetərli ola bilər. Hətta məğlubiyyət halında belə Ağdam klubunun şansı tam itmir, lakin bu, digər görüşlərin nəticəsindən asılı olacaq. Bu məqam “Qarabağ” üçün oyuna daha rasional, ehtiyatlı və hesablanmış yanaşma imkanı yaradır.

Matç ərəfəsində “Liverpul”un üzləşdiyi heyət problemləri diqqətdən kənarda qalmamalıdır. İngiltərə klubu ümumilikdə 7 futbolçunun xidmətindən yararlana bilməyəcək. Co Qomes, Aleksander İsak, Konor Bredli, Stefan Baytçetiç, Federiko Kyeza və Covanni Leoni zədə səbəbindən siyahıdan çıxarılıb. Aparıcı müdafiəçilərdən biri olan İbrahima Konate isə ailəvi səbəblərə görə matçda iştirak etməyəcək. Bu qədər itki, xüsusilə müdafiə xəttində rotasiyanı məcburi edir və “Liverpul”un arxa xəttində boşluqların yaranması ehtimalını artırır. “Qarabağ”ın sürətli keçidlər və əks-hücumlar üzərindən bu boşluqlardan yararlanmaq şansı var.

Qurban Qurbanovun komandası bu mövsüm Çempionlar Liqasında artıq sübut edib ki, böyük adlardan çəkinmir. Komandanın əsas üstünlükləri - kompakt müdafiə oyunu, intizamlı taktiki quruluş, təzyiq altında soyuqqanlı qalmaq bacarığıdır.

Lakin risklər də az deyil. “Enfild”də oynamaq, yüksək temp, tribunalardan gələn təzyiq və “Liverpul”un erkən qol axtarışı oyunun axarını qısa zamanda dəyişə bilər. “Qarabağ” üçün əsas təhlükə ilk 20–25 dəqiqədə qapısında qol görməkdir. Ehtimallara görə, “Liverpul” oyuna yüksək pressinqlə başlayacaq, “Qarabağ” isə müdafiə blokunda sıx dayanaraq tempi aşağı salmağa çalışacaq, ikinci hissədə oyun daha açıq fazaya keçə bilər.

Əgər “Qarabağ” ilk hissəni qolsuz və ya minimal fərqlə başa vura bilsə, psixoloji üstünlük tədricən  təmsilçimizin tərəfinə keçə bilər. “Liverpul” açıq favorit olsa da, heyət itkiləri və “Qarabağ”ın Avropa meydanlarındakı əzmkar mübarizəsi azarkeşləri ümidləndirən amillərdir.

"AzPolitika.info"