Bu gün Azərbaycan ali təhsil məkanında öz imzası, dəst-xətti və strateji missiyası ilə fərqlənən bir rəhbərin – beynəlxalq səviyyədə UNEC brendi ilə tanınan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun doğum günüdü
Ədalət Muradovun adı Azərbaycanda və onun hüdudlarından kənarda son on ildə ölkə təhsilində həyata keçirilmiş və həyata keçirilməsi nəzərdə tutulan kardinal dəyişikliklərin, dərin institusional və sistemli islahatların, eləcə də strateji yenilənmənin əsas müəlliflərindən biri, hətta birincisi kimi tanınır!
Məhz Ədalət Muradovun rəhbərliyi UNEC üçün yeni bir mərhələnin başlanğıcı oldu. Universitetin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsi, təhsilin keyfiyyətinin sistemli şəkildə yaxşılaşdırılması, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və idarəetmədə şəffaf, çevik modellərin tətbiqi məhz onun strateji baxışının nəticəsidir. Onun apardığı davamlı islahatlar nəticəsində UNEC artıq təkcə ali təhsil müəssisəsi deyil, eyni zamanda elm–təhsil–innovasiya inteqrasiyasını təmin edən modern universitet modelidir.
Ədalət Muradovun missiyası rəhbərlik etdiyi universiteti yalnız kadr hazırlamaqla məhdudlaşan bir təhsil müəssisəsi statusundan çıxarmaq olmuşdur. Onun əsas hədəfi rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması, bilik iqtisadiyyatının inkişafına töhfə verən intellektual mühitin yaradılması və universitetin milli inkişaf strategiyalarının fəal iştirakçısına çevrilməsidir. Bu baxımdan UNEC-in “tələbə mərkəzli universitet” modelinə keçidi, rəqəmsal transformasiya, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və akademik azadlıqların institusional təminatı xüsusi əhəmiyyət daşıyır.
Ədalət Muradovun vizyonu qısa müddətli nəticələrə deyil, uzunmüddətli strateji dəyərlərə əsaslanır. O, universiteti yalnız bugünün ehtiyaclarına uyğunlaşdırmır, eyni zamanda gələcəyin çağırışlarına hazırlayır. Məhz bu yanaşma UNEC-i regionun aparıcı iqtisadi təhsil mərkəzlərindən birinə çevirib və onu beynəlxalq elmi-akademik mühitdə tanınan bir brend halına gətirib.
Bu gün UNEC-in elmi potensialının artması, gənc alimlərin və tədqiqatçıların sistemli şəkildə dəstəklənməsi, innovativ layihələrin təşviqi və sosial məsuliyyət yönümlü təşəbbüslərin genişlənməsi də bu rəhbərlik fəlsəfəsinin praktik nəticələridir. Universitet artıq təkcə diplom verən qurum deyil, cəmiyyətə düşünən, tədqiq edən, təşəbbüs göstərən və məsuliyyət daşıyan vətəndaşlar qazandıran bir intellektual mərkəzdir.
Ədalət Muradovun fəaliyyəti UNEC-in timsalında ali təhsildə effektiv liderliyin, strateji idarəetmənin və dəyərlərə əsaslanan modern yanaşmanın real modelidir. Onun rəhbərliyi altında atılan addımlar yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də möhkəm institusional təməl formalaşdırır!
"AzPolitika”nın kollektivi bu əlamətdar gündə hörmətli Ədalət Muradovu səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yüksək məsuliyyət tələb edən fəaliyyətində yeni uğurlar arzulayır! Qoy həyata keçirdiyi missiya davamlı nəticələr versin, vizyonu isə Azərbaycan ali təhsilinin gələcəyini daha da işıqlı etsin!
İsmayıl İsmayılbəyli
"AzPolitika.info"

Şərhlər
Tebrik edirik. Bele gorkemli alimlerin, rektorlarin movcudlugu Azerbaycan Respublikasinin inkisafina boyuk tohfeler vere biler.