Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev nüvə silahının mümkün tətbiqi ilə bağlı yenidən açıqlama verib. O bildirib ki, əgər söhbət ölkənin taleyindən gedərsə, bu məsələdə heç bir tərəddüd ola bilməz.
Medvedev TASS və “Reuters” agentliklərinə müsahibəsində qeyd edib ki, nüvə silahı bütün bəşəriyyət üçün son dərəcə təhlükəlidir. Bununla belə, onun sözlərinə görə, dövlətin mövcudluğu təhlükə altına düşərsə, bu amil həlledici ola bilər.
Eyni zamanda Medvedev Rusiyanın qlobal müharibədə maraqlı olmadığını vurğulayıb. O bildirib ki, “ruslar dəli deyil” və dünya miqyasında qarşıdurma istəmirlər.
Rusiyanın Ukraynada nüvə silahından istifadə edib-etməməsi ilə bağlı sualı cavablandıran Medvedev deyib ki, Moskva öz nüvə doktrinasına ciddi şəkildə əməl edir.
Onun sözlərinə görə, bu doktrində bütün hallar ətraflı şəkildə təsbit olunub və nüvə silahının tətbiqi ilə bağlı ayrıca müzakirəyə ehtiyac yoxdur.
Medvedev həmçinin əlavə edib ki, Rusiyanın indiyədək nüvə silahından istifadə etməməsi ölkə üçün həyati təhlükə yaradan vəziyyətin formalaşmadığını göstərir.
“AzPolitika.info”

Şərhlər