İndoneziyalı xilasedicilər “AirAsia” şirkətinə məxsus təyyarənin Yavan dənizi üzərində qəzaya uğradığını və batdığını güman edirlər. Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Bambanq Soelistio belə bəyanat verib: “Bizə məlum olan koordinatlara görə güman edirik ki, təyyarə qəzaya uğrayıb və batıb. Bu yalnız ilkin ehtimaldır”.
Agentliyin rəhbəri həmçinin qeyd edib ki, batmış təyyarəni dənizin dibində tapmaq çox çətin işdir.
Təyyarə ilə əlaqə dekabrın 28-də səhər, o, havaya qalxdıqdan 42 dəqiqə sonra Yavan dənizi üzərində olarkən kəsilib. Şirkətin bildirdiyinə görə, təyyarənin göyərtəsində 162 nəfər olub. Bunların 155-i sərnişin (o cümlədən 17 uşaq), iki pilot, bortmühəndis və dörd göyərtə bələdçisi olub. Göyərtədəkilərin 155-i İndoneziya, üçü Cənubi Koreya, biri Fransa, biri Sinqapur və daha biri Böyük Britaniya vətəndaşlarıdır.
2014-cü ildə təyyarə qəzalarında ölənlərin sayı 762 nəfər olub. Dekabrın 28-i radarlardan itmiş hava gəmisinin qəzaya uğraması təsdiqlənərsə, bu rəqəm 924 nəfərə çatacaq. AzərTAc xəbər verir ki, Niderlandın Aviasiya Təhlükəsizliyi Şəbəkəsi belə açıqlama yayıb.
Bu il Malayziya Hava Yollarına məxsus iki təyyarənin qəzaya uğraması nəticəsində ümumilikdə 537 nəfər həlak olub. Birinci təyyarə martın 8-də radarlardan itib və indiyədək tapılmayıb, digər təyyarə isə Ukrayna üzərində partladılıb. Digər qurbanlar pis hava şəraiti nəticəsində təyyarələrin qəzaya düşməsi ilə bağlıdır.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının məlumatına görə, uçuşların sayı nəzərə alınarsa, ötən illərlə müqayisədə 2014-cü il qəzaların sayına görə təhlükəsiz il hesab oluna bilər. 2009-cu ildə bir milyon uçuşa 0,67 qəza düşmüşdüsə, 2014-cü ildə bu rəqəm 0,22 olub.


Şərhlər