Moskvada yaşadıqları evin qarşısında cəsədləri tapılan Azərbaycandan olan ər-arvad Ucar rayonunda dəfn edilib. Dəfn mərasimi dünən Ucar rayonunun Rəstəcə kəndindəki qəbiristanlıqda baş tutub. 

“AzPolitika” xəbər verir ki, bir neçə gün əvvəl Rusiya mediasında azərbaycanlı ər-arvadın Moskvadakı hündürmərtəbəli binanın qarşısında cəsədlərinin tapıldığı barədə məlumat yayılmışdı. Sonradan bu şəxslərin 1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev və onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aygün Yaqub qızı Hüseynova olduğu bilindi. Vasifin Azərbaycan, həyat yoldaşının isə Rusiya vətəndaşı olduğu bildirilir.

Nağıyev təxminən 10 il əvvəl Rusiyaya işləməyə gedib. Rusiya İstintaq Komitəsi hadisənin hallarını araşdırır. Rusiya mediası onların ikisinin də intihar etdiyini iddia edir. Məlumata görə, Azərbaycan ailəsi Salaryevo Park yaşayış kompleksində yaşayırdı. Qonşular cütlüyü mehriban və ünsiyyətcil kimi təsvir ediblər. Kişi iş adamı olub. Ailənin üç azyaşlı uşağı var.

Rusiya mediasının məlumatına görə, faciədən bir müddət əvvəl cütlüyün boşanma barədə müzakirə apardığı bildirilir. Ailə Moskvaya Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsindən gəlib. Kişi evlərinin yaxınlığında uşaq geyimləri və alt paltarları satan kiçik bir mağaza açıb, həyat yoldaşı isə 13, 11 və 6 yaşlı üç qız uşağını böyüdürdü.

“Moskovski Komsomolets” qəzetinin məlumatına görə, ər xəstəlikdən əziyyət çəkib və bu yaxınlarda müalicə aldığı sanatoriyadan qayıdıb. Qəzetin məlumatına görə, ailənin Moskvadakı biznesi yaxşı getməyib. İddia olunur ki, yaşanan problemlərin fonunda ər-arvad arasında mübahisələr olub. 

Nəşrin istinad etdiyi ilkin məlumatlara görə, yüksək mərtəbədən düşdükdən sonra əvvəlcə qadın, sonra isə kişi ölüb. Üç uşağın Moskvada yaşayan əmiləri tərəfindən himayəyə götürüldüyü bildirilir.

“AzPolitika.info”