27718783-digital-illustration-of-oil-pump-jack-and-growth-graph-with-dollarsİlin sonunda Rusiya iqtisadiyyatında baş verən proseslər, xüsusilə də rus rublunun məzənnəsinin kəskin aşağı düşməsi Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) böyük məbləğə başa gəlib. Fonddan fins.az-a verilən məlumata görə, rublun ucuzlaşması nəticəsində Neft Fondunun bu ölkəyə yatırdığı investisiyaların gəlirliyi kəskin azalıb, bəzi hallarda hətta zərərə çevrilib.

Neft pullarının cəmi 1,8%-i Rusiyaya yatırılıb

Qeyd edək ki, Dövlət Neft Fondunun İnvestisiya siyasətinə əsasən onun vəsaitlərinin 50%-ə qədəri ABŞ dolları, 35%-ə qədəri Avro, 5%-ə qədəri İngilis funt sterlinqi, digər 10%-i isə Rusiya rublu da daxil olmaqla digər valyutalarda yerləşdirilir.

Fonddan verilən məlumatda bildirilir ki, dekabrın 25-ə olan məlumata görə, ARDNF-in Rusiyaya etdiyi yatırımların dəyəri 673 milyon ABŞ dolları olub ki, bu da ümumi investisiya portfelinin 1,8%-i qədərdir. Fondun Rusiyaya yatırdığı investisiyalarının böyük hissəsi - 540 milyon dollar və ya ümumi yatırımların 1,4%-i VTB Bankın səhmlərinə investisiyanın payına düşür.

İnvestisiyaların 133 milyon dolları və ya 0,4%-i isə Moskva şəhəri “Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə yatırılıb.

Rublun zəifləməsi aktivlərə mənfi təsir edib

ARDNF-dən verilən məlumata görə, Rusiyada iqtisadi artım templərinin zəifləməsi, habelə regionda mövcud olan geosiyasi risklər Rusiya rublunun və bir çox inkişaf etməkdə olan ölkələrin valyutalarının ucuzlaşması ilə nəticələnib. Bu isə öz növbəsində ARDNF-nin Rusiya rublunda ifadə olunan aktivlərinin gəlirliliyinə mənfi təsir göstərib.

“Qalereya Aktyor” ofis-ticarət mərkəzinin alqı-satqısı ABŞ dollarında həyata keçirildiyinə görə, Rusiya rublunun məzənnəsinin dəyişməsi bu yatırımın gəlirliyinə təsir etməyib. Əvəzində fondun rublla investisiya yatırdığı VTB Bankın səhmlərinin dəyişməsi ARDNF-nin gəlirlərinə ciddi təsir edib.

336 milyon dollar itirilmiş qazanc

Belə ki, dekabrın 25-ə olan məlumata görə, Neft Fondunun VTB Bankın səhmlərinə yatırdığı investisiyanın bazar dəyəri ilk investisiya tarixi, yəni 2013-cü il mayın 21-i ilə müqayisədə indiyədək 73,3% gəlir (səhmlərin bahalaşması və dividentlər hesabına) gətirməli idi.

Amma Rusiya rublunun ucuzlaşması nəticəsində gəlirlik 62,3% azalaraq 11%-ə düşüb. Nəticədə Neft Fondu VTB Bankın səhmlərinə yatırdığı investisiyadan 396,82 milyon dollar gəlir götürəcəyi halda, rublun ucuzlaşması nəticəsində bu gəlir cəmi 54,4 milyon dollar və ya 11% olub. Başqa sözlə rublun ucuzlaşması nəticəsində Neft Fondu təqribən 336,42 milyon dollar gəliri itirib.

İlin əvvəlindən 230 milyon dollar itirilib

Bu ilin əvvəlindən götürdükdə isə Neft Fondu VTB Banka investiçyalardan nəinki qazanıb, hətta zərərə düşüb. Belə ki, ilin əvvəlindən indiyədək VTB Bankın səhmlərinə sərmayədən 43,1% gəlirlilik (qiymət artımı və divident gəliri) əldə olunsa da, Rusiya rublunun dollara qarşısında məzənnəsi 48,5% aşağı düşüb. Nəticədə, Fond 43% gəlir götürmək əvəzinə 5,3% zərərlə üzləşib. Başqa sözlə, ilin əvvəlindən indiyədək Neft Fondu VTB Banka yatırımlardan təqribən 232,7 milyon dollar qazanmalı olduğu halda, 31 milyon dollar zərərlə uzləşib.

“Qalereya Aktyor” daha sərfəli olub

Qeyd edildiyi kimi, Neft Fondunun Rusiyada digər iri yatırımı Moskva şəhərində “Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə yatırılıb. Belə ki, fond həmin mərkəzi 2012-ci ilin 25 dekabrında 133 milyon dollara satın almışdı. “Qalereya Aktyor” ofis-ticarət mərkəzinin alqı-satqısı ABŞ dollarında həyata keçirildiyinə görə, rublun məzənnəsinin dəyişməsi aktivin gəlirliyinə hələlik təsir etməyib. Belə ki, 2013-cü ilin sonuna olan son qiymətləndirməyə görə, həmin əmlakın bazar dəyəri 133,2 milyon ABŞ dolları olub. Başqa sözlə, Neft Fondu bu mərkəzdən 3,2 milyon dollar əldə edib.

Neft Fondu: "Pulları spekulyativ məqsədlər üçün deyil, uzunmüddətli yerləşdiririk"

Baş verən itkilərə baxmayaraq, Neft Fondu vəziyyətin göründüyü kimi pis olmadığını bildirir. Fondun məlumatında bildirilir ki, "VTB Bankın səhmlərinə olan investisiyanın dəyərində yüksək dəyişkənlik müşahidə olunsa da, ARDNF-nin investisiya strategiyasının da mahiyyətinə uyğun olaraq bu investisiya, eləcə də Rusiyadakı daşınmaz əmlak investisiyası qısamüddətli dövr üçün spekulyativ məqsədlər üçün deyil məhz uzunmüddətli dövr üçün nəzərdə tutulur".

"Gələcəkdə VTB Bankın probleminin olmayacağına əminik"

Bundan başqa, Fond əmindir ki, gələcəkdə VTB Bankın ciddi problemləri olmayacaq: "Rusiyanın maliyyə sektoru üçün yüksək sistemik əhəmiyyəti ilə xarakterizə olunan VTB bankın uzunmüddətli dövrdə ciddi probləmlərlə üzləşməyəcəyi qənaətindəyik".

Buna subut kimi, Fond son vaxtlar Bankın bazar qiymətinin artmasını göstərir: "Qeyd olunanlar VTB Bankın hazırkı bazar qiymətlərində də öz əksini tapır, belə ki, son vaxtlarda VTB Bankın rublda ifadə olunan qiymətinin davamlı artması da bunun bir göstəricisi kimi başa düşülə bilər".

QEYDHörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…