“Onu dayandırmaq bütün dünyanın qələbəsidir... Geri çəkilsək, cəmiyyətimiz parçalanacaq”

“Vladimir Putin artıq üçüncü dünya müharibəsinə başlayıb və yeganə cavab onu geri çəkilməyə məcbur etmək üçün güclü hərbi və iqtisadi təzyiq olmalıdır”. 

“AzPolitika” xəbər verir ku, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dördüncü ilinin bitməsilə bağlı BBC-yə verdiyi müsahibədə deyib.

"Mən inanıram ki, Putin artıq müharibəyə başlayıb. Sual onun nə qədər ərazini ələ keçirə biləcəyi və onu necə dayandıra biləcəyimizdir. Çünki Rusiya qalib gəlməməlidir, Rusiya dünyaya fərqli bir həyat tərzi tətbiq etmək və insanların seçdiyi həyat tərzini dəyişdirmək istəyir", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna hazırda bu müharibəni effektiv şəkildə cilovlayır və onun tammiqyaslı qlobal münaqişəyə çevrilməsinin qarşısını alır.

"Bu gün Putini dayandırmaq və Ukraynanın işğalının qarşısını almaq bütün dünyanın qələbəsidir, çünki Putin Ukraynada dayanmayacaq", - deyə Prezident əlavə edib.

Ukrayna Prezidenti ölkənin 1991-ci il sərhədlərinə qayıtma ehtimalını da şərh edib. O, bunun, şübhəsiz ki, ədalətin qələbəsi olacağını, lakin bunu hazırda hərbi yolla etməyə çalışmağın milyonlarla insanın itkisi demək olduğunu deyib. 

Zelenski etiraf edib ki, Ukraynanın hələlik bu cür hərəkətlər üçün kifayət qədər silahı yoxdur və Ukrayna üçün "insansız torpaq heç nədir": "Bizdə lazımi miqdarda silah yoxdur. Bu, artıq yalnız bizdən deyil, tərəfdaşlarımızdan asılıdır. Lakin 1991-ci ilin sərhədlərinə qayıtmaq, şübhəsiz ki, ədalətin qələbəsidir. Ukraynanın qələbəsidir. Bunu bu gün etmək çox sayda insanın, milyonlarla insanın itirilməsi demək olardı, çünki Rusiya ordusu böyükdür və biz bu cür addımların qiymətini başa düşürük".

Zelenski həmçinin deyib ki, Ukrayna atəşkəs müqabilində ərazi güzəştlərinə razı olmayacaq, çünki Putin müharibəni bitirmək niyyətində deyil.

ABŞ və Rusiyanın Ukraynaya atəşkəs müqabilində Donetsk vilayətinin ərazisinin 20%-ni vermək təklifinə gəlincə, Zelenski belə bir ssenarini qəti şəkildə rədd edib: "Mən bunu sadəcə torpaq və ya başqa bir şey kimi görmürəm. Mən bunu imtina, mövqeyimizin zəifləməsi, orada yaşayan yüz minlərlə insanımızın tərk edilməsi kimi görürəm. Mən bunu belə görürəm. Və əminəm ki, bu geri çəkilmə cəmiyyətimizi parçalayacaq".

ABŞ-nin təhlükəsizlik zəmanətlərinə gəldikdə, Zelenski qeyd edib ki, onlar təsisatlara və Konqresin qərarlarına əsaslanmalıdır, çünki prezidentlər dəyişir, razılaşmalar isə onilliklər boyu davam etməlidir.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla danışıqları şərh edən Zelenski qeyd edib ki, amerikalılar "rusları razı salmağa çalışmamalı, onları dayandırmalıdırlar".

Zelenski seçkilər keçirilərsə, yenidən namizəd olub-olmayacağına hələ qərar vermədiyini söyləyib: "Ola da bilər, olmaya da". Onun sözlərinə görə, seçkilərin keçirilməsi texniki cəhətdən mümkündür, əgər Ukrayna qanunlarını müvafiq olaraq dəyişdirmək üçün vaxt olarsa. Amma əvvəlcə Ukrayna təhlükəsizlik zəmanəti almalıdır.

Zelenskinin sözlərinə görə, seçkilərin keçirilməsi bir çox problem yaradır, o cümlədən xaricdə yaşayan milyonlarla ukraynalı və Rusiyanın ölkənin əhəmiyyətli bir hissəsini ələ keçirməsi: "Əgər bu, müharibənin bitməsi üçün şərtdirsə, gəlin bunu edək. Tərəfdaşlarıma dedim ki, siz daim seçki məsələsini qaldırırsınız, amma qərar verməlisiniz - məndən yaxa qurtarmaq istəyirsiniz, yoxsa seçkilər keçirmək? Əgər seçkilər keçirmək istəyirsinizsə, onda gəlin onları ədalətli şəkildə keçirək. Gəlin onları ilk növbədə Ukrayna xalqı tərəfindən tanınacaq şəkildə keçirək. Və siz özünüz də bunların qanuni seçkilər olduğunu qəbul etməlisiniz”.

“AzPolitika.info”