Bir sıra qeyri-hökumət təşkilatlarının cinayət işinin araşdırılması çərçivəsində “Azadlıq" radiosuna xaricdən külli miqdarda pulun daxil olması barədə məlumat daxil olub.
APA-nın xəbərinə görə, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə istintaqa yaxın mənbədən məlumat verilib.
Məlumata əsasən, 2010-cu ildə radionun hesabına 760 min dollardan, 2011-ci ildə 570 min dollardan, 2012-ci ildə 700 min dollardan, 2013-cü ildə 780 min dollardan, 2014-cü ildə isə 730 min dollardan çox vəsait daxil olub.
Alınmış məlumatla əlaqədar olaraq məhkəmənin qərarı ilə bu il dekabrın 20-də “Azadlıq" radiosunun hesabına həbs qoyulub, dekabrın 26-da radionun yerləşdiyi binada axtarış aparılıb, sənəd və avadanlıqların siyahısı çıxarılıb. Məkan möhürlənib və mühafizə altına alınıb.
“Azadlıq" radiosunun fəaliyyəti ilə bağlı bir sıra şahidlər dindirilib. Onlardan biri, Şahvələd Namazov öz ifadəsində bildirib ki, o, “Fərqli düşüncə” qəzetinin təsisçisidir. Qəzet 2009-cu ildə “Azadlıq radiosu”nun saytında yayılan materialların dərc edilməsi məqsədi ilə yaradılıb. Müqaviləyə görə, “Azadlıq radiosu” qəzetin hər nömrəsinə görə onun bankdakı hesabına 900 manat, 2011-ci ilin oktybar ayının sonundan etibarən 1300 manat köçürməyə başlayıb. Qəzet həftəlik qəzet olub və bəzən ayda 1-2 dəfə işıq üzü görüb. Qəzet 2014-cü ilin may ayına qədər dərc edilib və pulsuz paylanılıb.
“Hazrda “Azadlıq" radiosunun fəaliyyəti araşdırılır və istintaq zamanı artıq bir necə ciddi qanun pozuntusu faktı aşkarlanıb. İstintaq orqanları radionun çirkli pulların yuyulmasında iştirak etməsindən və bu pulların bir hissəsini mənimsəməsindən şübhələnir”,- deyə mənbə qeyd edib.
Qeyd olunan məlumatla bağlı "Azadlıq" radiosu da açıqlama yayıb. Açıqlamadabildirilir: "Bir sıra mətbuat orqanlarında istintaq orqanına istinadən Azadlıq Radisonun guya çirkli pulların yuyulması və mənimsənilməsində şübhəli bilinməsi barədə məlumalarla bağlı bildirmək istəyirik ki, radio fəaliyyəti dövründə tam şəkildə şəffaf işləmiş, vergi və digər sosial müdafiə xərclərini vaxtlı-vaxtında ödəyib. Bu baxımdan da radionun çirkli pulların yuyulmasında və mənimsənilməsində ittiham edilməsi və bunun Rusiya mediaya sızdırılması istintaq orqanının qeyri-obyektiv və qərzəli olması ilə bağlı mövqeymizi bir daha təsdiq edir və gücləndirir.
Radio jurnalistikanın faəliyyəti ilə az-çox tanış olanlar bilir ki, istintaq orqanının yaydığı xəbərdə göstərilmiş məbləğlər böyük işçi heyətinə malik olan radio əməkdaşlarının aylıq əmək haqqını, ofisin kirayə xərcləri və digər zəruri təchizat xərclərini qarşılamaq üçün böyük məbləğ deyil.
Digər tərəfdən, istintaq orqanı radionun şahid qismində dindirdiyi bütün əməkdaşlarına istintaq sirrini təşkil edən məlumatların yayılmasının yolverilməzliyi haqda xəbərdarlıq edib, iltizama qol çəkdirsə də, özü qanunsuz olaraq bu sirri təşkil edən məlumatları birtərəfli qaydada yaymaqla, əslində istintaqın bir daha qeyri-obyektiv olduğunu və yönünü müəyyən edib".
Məlumatda adı çəkilən jurnalist Şahvələd Çobanoğlu da bildirir ki, onun Azadlıq Radiosu ilə əməkdaşlığında və “Fərqli Düşüncə” qəzetinin çapında hər hansı qanunsuz bir əməl yoxdur: “Qəzet qanuni şəkildə fəaliyyət göstərib, qanuni şəkildə qeydiyyatdan keçib, vergilər ödənilib, nüsxələri də pulsuz şəkildə paylanıb. İndi Azərbaycan hakimiyyəti prokurorluğun əli ilə qanun çərçivəsində bir işi cinayət kimi qələmə verir. Əslində isə bizi məhz elə fərqli düşündüyümüzə görə cəzalandırmaq istəyirlər. Bu, eləcə də Azadlıq Radiosu əməkdaşlarının istintaqa çəkilməsi, ofisinin möhürlənməsi ölkədə söz və media azadlığına basqıdan başqa bir şey deyil.”


Şərhlər