2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1381 manat təşkil edib. Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü illə müqayisədə 8,6 faiz artıb.
Qeyd edək ki, 2025-ci ilin ilkin məlumatlarına əsasən, ölkə üzrə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı da artaraq 1102,9 manat olub. Bu göstərici 2024-cü illə müqayisədə 9,3 faiz çoxdur.
Statistik məlumatlara görə, Bakıda əməkhaqqı səviyyəsinə görə ən yüksək gəlir mədənçıxarma sənayesində qeydə alınıb və bu sahədə orta aylıq əməkhaqqı 4028,4 manat təşkil edib. İkinci yerdə maliyyə və sığorta fəaliyyəti (2877,6 manat), üçüncü yerdə isə informasiya və rabitə sahəsi (1883,8 manat) qərarlaşıb.
Nisbətən yüksək maaş verilən digər sahələrə peşə, elmi və texniki fəaliyyət (1831,8 manat), dövlət idarəetməsi və müdafiə, sosial təminat (1669,2 manat) və nəqliyyat və anbar təsərrüfatı (1559,2 manat) daxildir.
Digər sahələrdə isə orta aylıq əməkhaqqı daha aşağıdır. Belə ki, elektrik enerjisi, qaz və buxar istehsalı və təchizatı sahəsində əməkhaqqı 1323,5 manat, tikintidə 1221,2 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 1130,3 manat, istirahət, əyləncə və incəsənət sahəsində 1072,6 manat, emal sənayesində 1002,3 manat təşkil edir.
Nisbətən aşağı əməkhaqqı təhsil (989 manat), səhiyyə və sosial xidmətlər (968 manat), su təchizatı və tullantıların emalı (903,2 manat), ticarət və nəqliyyat vasitələrinin təmiri (871,8 manat), turizm və ictimai iaşə (755,1 manat), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (682,5 manat) və inzibati və yardımçı xidmətlər (623 manat) sahələrində qeydə alınıb.
Beləliklə, statistik göstəricilər paytaxtda ən yüksək əməkhaqqının sənaye və maliyyə sektorlarında, ən aşağı əməkhaqqının isə xidmət və kənd təsərrüfatı sahələrində olduğunu göstərir.
"AzPolitika.info"

Şərhlər
????...
RABİTƏ SAHƏSİNDƏ MONTYOR,TEXNİK,MÜHƏNDİSLƏR 400-600 MANAT MAAŞ ALIR.SAHƏDƏN XƏBƏRİ OLMAYAN RƏHBƏR İ İŞCİLƏR ON MİN VƏ DAHA COX ALIRLAR.???
Çox çətindir vəziyyət. Allah bunu edənlərə lənət eləsin. Neft qaz milyardları gələn ölkədə millətin böyük hissəsi çörək puluna möhtacdır. Milyardları özləri talamaqları cəhənnən kimə də gəldi verirlər bir bu xalqdan başqa
Ən az maaş olanlar deputatlardi .7000 lə insan necə dolansin