Ukraynadakı işğalçılıq müharibəsi Rusiya iqtisadiyyatının bütün sahələrini əhatə etməkdədir.
Milyardlarla hesablanan itkilərə məruz qalmış Rusiya Dəmir Yolları dövlət şirkəti, filial müdirləri də daxil olmaqla, mərkəzi ofis işçilərinin 15%-ni işdən çıxaracaq.
“AzPolitika” xəbər verir ki, bunu şirkətin baş direktoru Oleq Belozerov “İnterfaks” agentliyinə deyib.
"Təxminən 6000 nəfəri işdən çıxaracağıq", - deyə o bildirib. Belozerovun sözlərinə görə, bu və digər tədbirlər Rusiya Dəmir Yollarına 2026-cı ildə 74 milyard rubl qənaət etməyə imkan verəcək. Şirkətdə ixtisarlarla yanaşı, yanacaq, elektrik enerjisi və təmir xərclərinin azaldılması, eləcə də bütün təşkilati strukturun yenidən qurulması da gözlənilir.
Şirkət bunun "azalmış iş yükü və çətin iqtisadi mühit”lə əlaqələndirib. Qərar Rusiya Dəmir Yollarının maliyyə vəziyyətinin kəskin pisləşməsi fonunda qəbul edilib - 2020-ci ildən bəri ilk dəfə olaraq, daşıyıcı şirkət 4,4 milyard rubl xalis zərər edib.
Rusiya Dəmir Yollarının ümumi borcu 50 milyard dollara yaxınlaşıb. Vəziyyət Ukraynada müharibənin başlanğıcından bəri davam edən yük daşımalarının azalması ilə ağırlaşıb. 2025-ci ilin sonuna qədər daşıma həcmləri 1,1 milyard tona düşüb ki, bu da 2009-cu ildən bəri ən aşağı göstəricidir.
“AzPolitika.info”


Şərhlər