“İran Hörmuz boğazında ABŞ Hərbi Dəniz Qüvvələri üçün ciddi təhlükə yaradan xüsusi “zərbə zonası” formalaşdırıb”.

“AzPolitika” xəbər verir ki, bunu tanınmış hərbi ekspert Aqil Rüstəmzadə bildirib.

Ekspertin sözlərinə görə, Tehran dar coğrafi şəraitdən istifadə edərək asimmetrik taktika qurub və bu, iri hərbi gəmilər üçün riskləri xeyli artırır.

A.Rüstəmzadə bildirib ki, İran sahilyanı raket sistemləri, sürətli hücum katerləri, dəniz minaları və pilotsuz uçuş aparatlarını birləşdirərək çoxşaxəli hücum modeli yaradıb: “Bu kombinasiya ona gətirib çıxara bilər ki, ABŞ-nin böyük gəmiləri həmin zonaya daxil olarsa, eyni vaxtda bir neçə istiqamətdən zərbə ala bilər”.

Ekspertin fikrincə, bu vəziyyət təkcə dənizdəki gəmilər üçün deyil, mümkün hərbi əməliyyatlar üçün də əlavə risklər yaradır.

O qeyd edib ki, ABŞ-nin bölgədə həyata keçirə biləcəyi amfibiya əməliyyatları, xüsusilə adaların ələ keçirilməsi cəhdləri də ciddi təhlükə altındadır.

A.Rüstəmzadə vurğulayıb ki, Hörmuz boğazı dünya enerji daşımalarının mühüm hissəsinin keçdiyi strateji nöqtədir və burada hər hansı eskalasiya qlobal nəticələrə səbəb ola bilər.

Rasim

“AzPolitika.info”