Paris şəhərində keçirilən yerli özünüidarəetmə seçkilərinin ikinci turunun nəticələrinə əsasən, mer vəzifəsinə Emmanuel Qrequar seçilib. 48 yaşlı sosialist siyasətçi sol qüvvələrin koalisiyası tərəfindən namizəd göstərilmişdi.

Səsvermənin yekun nəticələrinə görə, Qrequar səslərin 50,52 faizini toplayaraq qalib gəlib. Onun əsas rəqibi, keçmiş mədəniyyət naziri və “Respublikaçılar” partiyasının təmsilçisi Raçida Dati isə 41,52 faiz səs əldə edib. Qeyd olunur ki, Dati hazırda korrupsiya işi üzrə araşdırma ilə üzləşir.

“Deutsche Welle” yazır ki, bəzi məlumatlara görə, Fransa hakimiyyət dairələrinin Datini dəstəklədiyi iddia olunsa da, ölkə prezidenti Emmanuel Makron bu iddiaları şəxsən təkzib edib.

Yeni seçilmiş mer Emmanuel Qrequar uzun illər Parisin əvvəlki meri Anne Hidalgonun yaxın silahdaşı olub və onun siyasət kursunu davam etdirmək niyyətindədir.

Digər mühüm nəticə isə Marsel şəhərində qeydə alınıb. Burada hazırkı mer Benoît Payan yenidən seçilərək vəzifəsini qoruyub. O, ifrat sağçı Milli Birlik partiyasının namizədi Frank Alizionu məğlub edib.

Bununla yanaşı, sağçı qüvvələr ölkənin bir sıra şəhərlərində – o cümlədən Oranj, Karkason və Karpantra kimi yaşayış məntəqələrində qalib gəliblər.

Qeyd edək ki, Fransada bələdiyyə seçkilərinin birinci turu bir həftə əvvəl keçirilmişdi və ikinci tur yekun siyasi mənzərəni müəyyənləşdirib.

“AzPolitika.info”